F-1.az xəbər verir ki, Dünya Ralli Çempionatının (WRC) altıncı mərhələsi qısa fasilədən sonra çıxışını davam etdirən Sebastien Ojye və Esapekka Lappinin gözəl dueli ilə başlayıb. Yarışçılar cümə gününü cəmi 0.1 saniyəlik fərqlə Hyundai-dən fin sürücünün xeyrinə başa vurublar – görünürdü ki, qələbənin taleyi bu dueldə həll olunacaq.
Lakin şənbə günü leysan İtaliya adasını vurub, bu da yerli qumlu yolları palçığa çevirib, kələ-kötürlüklər isə su ilə dolaraq gölməçələrə çevriliblər və iştirakçıların bu gölməçələri keçmələri zamanı ciddi problemlər yaşanıb.
Keniyadakı səhra şəraitinə oxşar şəraitdə ralli tez bir zamanda itkilərə məruz qalmağa başlayıb. Bəlkə də ən gülməli Ojyenin qəzası olub: səkkiz titulun sahibi yol hissəsində təkər dəyişdirdikdən sonra tələsik sükan arxasına tullanmaq məcburiyyətində qalıb və ayaqqabının altındakı sürüşkən palçıq tezliklə fransızın ayağının əyləc pedalının üzərindən sürüşməsinə səbəb olub, nəticədə onun Toyota maşını yoldan çıxıb və uçurumun üzərində asılı qalıb.
Lappi palçıqlı yollarda sürətini itirərək təkərini deşib, onun Hyundai-də komanda yoldaşı Tyerri Növill isə əksinə sürətini daha da artırıb. Bazar günü dörd xüsusi mərhələ başlamazdan əvvəl belçikalı artıq 36 saniyə komanda yoldaşının önündə olub və son gündə heç bir dopda ən sürətli olmasa da, rahatlıqla komanda yoldaşının önündə qalıb.
Növill keçənilki Yaponiyadan sonra ilk dəfə qalib gəlib və ümumi hesabda şansını xeyli yaxşılaşdırıb. Lappi Hyundai-nin qələbə dublunu təmin edib, Toyota-nın ən güclü nümayəndəsi isə dünya çempionu Kalle Rovanpera olub.
Finlandiyalı sürücü 3 gün ərzində cəmi 2 dopda ən sürətli olub, lakin sonuncu əlavə xallar qazandıran bonuslu dopda da rəqiblərini qabaqlaya bilib.
Elfin Evans yüksək kateqoriyada dördüncü və sonuncu olub. Uelsli gölməçələrin keçməkdən əziyyət çəkən Toyota sürücülərindən biri olub – Ojyedən başqa Takamoto Katsuta da gölməçələrdə güclü zərbələrə məruz qalıb və mübarizəni dayandırmalı olub.
Rovanpera hazırda 118 xalla ümumi sıralamada birinci yerdədir. Sardiniyada qazanılan qələbə sayəsində Növill Tənak (85) və Evansı (83) qabaqlayaraq ikinci yerə (93 xal) yüksəlib.
Dünya rallisində mövsüm iyunun sonunda davam edəcək – bu dəfə iştirakçıları əsl Keniya gözləyir…