F-1.az xatırladır ki, Toyota komandasının sürücüsü cümə günü səhər etaplarından sonra 2.5 saniyə fərqlə lider idi. Nahardan sonra keçirilən ilk etapda isə o, komanda yoldaşı Kalle Rovanperaya qarşı 15 saniyə qazanıb və fərqi 17.8 saniyəyə qaldırıb. Fransalı sürücü altıncı etapdan sonra üstünlüyünü 20.4 saniyəyə qədər artırıb. Əfsanəvi sürücü günün son etapında qüsursuz performansını davam etditrib və fərqi 22.8 saniyəyə qədər qaldırıb.
Keçən ilin Safari Rallisinin qalibi olmuş Kalle Rovanpera isə ilk gündən sonra ikinci yerdədir. Üçüncü yerdə Toyota-dan Elfin Evans var.
Nahardan sonra ən böyük sensasiya isə Növillin asılqan probleminə görə mübarizəni dayandırması idi. Bundan sonra ilk 3 yer Toyota-ya nəsib olub.
Hyundai komandasından Esapakki Lappi isə təkərinin partlamasına baxmayaraq, liderdən 54 saniyə geridə, 4-cü yerdədir. Toyota-dan Takamoto Katsuta 5-ci, Dani Sordo 6-cı yerdə qərarlaşıblar.
M-Sport komandasından Ott Tanak komanda yoldaşı Pyer-Lui Lubenin təkər problemlərindən istifadə edib və 7-ci yerə yüksəlib.