S.Vandornun bloqu: “Həmilton və Fettel qarşıdurması fanların xoşuna gəlir”

McLaren komandasının sürücüsü Stoffel Vandorn Motorsport.com saytı üçün yazdığı bloq yazısında doğma Bakımızda keçirilən yarış və Fettellə Həmilton arasındakı insident barədə yazıb. F-1.az saytı olaraq bu yazını sizin nəzərinizə çatdırırıq.

Stoffel Vandorn: “McLaren-dəki bütün işçilərin Azərbaycan Qran Prisi ilə bağlı gözləntiləri aşağı idi. Lakin iki bolidlə də xal qazana bilmədiyimiz üçün məyus olduq. Bu da bizim inkişafımızı göstərir. Trasın quruluşu bolidimiz üçün əlverişli olmadığı üçün gözləntilərimiz aşağı idi. Amma biz mühərriyə görə startda bir neçə yer itirəcəkdik. Uzun sözün qısası, hər şey bizim əleyhimizə işləyirdi.

Yarışa sonuncu yerdən başlayacağımız üçün birinci sərbəst yürüşlərdən etibarən yarış tempinə fokuslandıq. Ancaq mən düşünürəm ki, həfətsonu bizim üçün normal keçsəydi belə, yenə çətinlik çəkəcəkdik, çünki düzlüklərdə çox vaxt itirirdik.

Bazar günü yarışa başlayarkən, hədəfimiz problemlərdən uzaq durmaq idi. Sərbəst yürüşlərdə sürücülər çoxlu səhv etdilər və təkərləri qızdırmaq çətin idi. Düşünürdük ki, yarışda da eyni hal təkrarlanacaq. Yarıa yaxşı başladım və erkən pit-stop edərək, SuperSoft təkərlərə keçdim. Daha sonra önüm boş olduğu üçün tempim də yüksək idi. Bu da o demək idi ki, fərqli strategiya seçən rəqiblərimizi qabaqlaya bilərdik. Amma təhlükəsizlik avtomobili girdiyi üçün bəxtim gətirmədi. Əksər sürücülər bunun hesabına pitə girərək, trasa önümdə qayıda bildilər. Daha sonra isə qırmızı bayraqlar çıxdı və o əsnada hamısı yeni dəst SuperSoft təkərlərlə yarışa qayıtdılar. Uzun sözün qısası, bu hadisələr mənə heç nə qazandırmadı.

Sonuncu təhlükəsizlik maşınından sonra son həddə getməyə davam etdik və hər dövrə bolid daha da güclü olurdu. Hər şey qaydasında gedərkən, ön təkərimdə bir kəsik gördük və əlavə bir pit-stop etməli olduq. Bu da o demək idi ki, önümüzdəki Sauber-lərə çatmaq üçün maksimumda getməli idik. Tempimiz yaxşı olduğu üçün xal qazanmaq mümkün idi. Sauber-lərdən dövrə başına 1.5 saniyə sürətli idik və qısa müddət ərzində onlara çatdıq. Amma düzlük sürətimiz onları keçməyə imkan vermədi.

Fernando xallar qazandı və iki bolidlə də onluğa düşmək mümkün idi. Bunu bacarmaq komanda üçün mükəmməl olardı. Fernandonun qazandığı xallar bizi bir az rahatlaşdırdı. Mövsümün əvvəlində bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Bu çətin şərtlərdə xal qazanmaq komanda işinin nəticəsi idi.

Əlbəttə, Bakıdakı yarışın önəmli mövzularından biri də Fettellə Həmilton arasındakı insident idi. Bu hadisə barədə fərqli düşüncələr var. Mən isə düşünürəm ki, görüntülərə baxıb bu hadisə barədə qərar vermək çətindir, amma Sebastyanın hərəkəti qəribə idi. Lakin yarışdakı atmosfer və liderlik mübarizəsində emosiyalarınıza məğlub ola bilirsiniz. Bu cür hallar Formula1 üçün müsbət dəyərləndirilməlidir. Bu cür mübarizələri bütün fanlar istəyirlər. Sebin hərəkətini doğru və ya səhv deyə dəyərləndirə bilmərəm, lakin idmandakı bu cür emosiyanallıqları görmək yaxşı haldır.

Sonda isə fərqli mövzu barədə danışmaq istəyirəm. Belçika yarışının təşkilatçıları mənim üçün xüsusi tribuna ayırıblar. Buna görə sevincliyəm. Bu tribunada bütün sevdiklərim bir araya gələrək, mənə dəstək verəcək. Bu əla haldır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*