Vandorn inanır ki, onun Formula1-dəki gələcəyi Maqnussen kimi olmayacaq. F-1.az xatırladır ki, Kevin Maqnussen 2014-cü ildə McLaren komandasında çıxış edib. 2015-ci ildə isə Alonso komandaya gəldiyi üçün danimarkalı ehtiyat sürücü olub. Maqnussen 2015-ci il sonunda McLaren-dən ayrılıb.
GP2 seriyası üzrə 2015-ci ilin Dünya çempionu olan Vandorn bu barədə fikirlərini bölüşüb. O bildirib ki, onun hazırkı vəziyyəti Maqnussenlə fərqlidir: “Kevin F1-də yarışandan sonra ehtiyat sürücü oldu. Bundan başqa da mövsümboyu yarışmağa fürsəti olmadı. Kevin trasda çıxış edə bilmirdi, amma mənim vəziyyətim fərqlidir.
Əgər Super Formula-da yarışa bilsəm, yarış təcrübəm artacaq. Mövsüm ərzində keçirilən bütün testlərdə çıxış etmək istəyirəm. Belə olan halda Maqnussen ilə vəziyyətimiz fərqli olacaq”.
Vandorn bu gün və sabah keçirələcək Pirelli testlərində McLaren-i təmsil edəcək. Belçikalı sürücü Super Formula seriyasında yarışmağa da çox yaxındır. O, Honda-nın dəstəklədiyi Super Dandellon komandası ilə müqavilə imzalamalıdır.
Stoffel Vandorn: “Hələ bunun üzərində işləyirik. McLaren və Honda arasında gedən danışıqlar davam edir. Ancaq inanıram ki, tezliklə müqavilə bağlayacağam. Hər şey planlaşdırdığım kimi getsə, gələn il mənim üçün çətin olmayacaq”.
McLaren Honda komandasının ehtiyat pilotu Stoffel Vandorn inanır ki, 2016-cı ildə yarışacağı Super Formula seriyası ona Formula1-in qapılarını açacaq: “Super Formula-da çıxış etsəm, yarış tempim olacaq. Yüksək sürətlə döngəyə girmə qabiliyyətim artacaq. Bu da 2017-ci il üçün vacib və faydalı hazırlıqdır. Heç kim mənə nə isə söz verməyib, amma F1-də yarışmaq üçün əlimdən gələni edəcəm. Formula1-də yarışmaq istəyirəm.
Bu mövsüm Formula1-də yarışmaq istəyirdim, amma heyf ki, boş yer tapmadım. Gələn mövsüm Formula1-də yarışacağıma da heç kim təminat vermir, amma yenə də düşünürəm ki, doğru yerdəyəm”.