F-1.az xatırladır ki, Force İndia adı ilə yarışan komanda 2016 və 2017-ci illərdə mövsümü 4-cü yerdə başa vurmuş, amma 2018-ci ilin ortasında ad dəyişməsinə görə xalları silindiyi üçün 7-ci olmuşdular. Əgər xallar silinməsəydi, komanda mövsümü Renault-nun arxasında 5-ci yerdə bitirəcəkdi.
Force İndia komandası keçən il Lourens Strollun rəhbərlik etdiyi konsorsiyum tərəfindən alınıb və adı dəyişdirilərək Racing Point olub. Komanda artıq maddi cəhətdən daha yaxşı vəziyyətdədir.
Serxio Peres: “Bu komandanı doğrudan da çox sevirəm. Buraya gələndə belə uzun müddət qalacağımı düşünməzdim. Çox rahatam və komandanın gələcəyinə inanıram. Ferrari və ya Mercedes-ə gedə bilmirsinizsə, Force İndia sizinçün ən yaxşı yerdir.
2016-cı il bizimçün əla keçdi və 4-cü olduq. Mən də orta qrupun birincisi idim. 2017-ci ildə də bu uğurumuzu davam etdirdik. 2018-ci ildə bunu təkrarlamağa yaxın olduq. Komandanın gələcəyi məni həyəcanlandırır. Bütün işçilər həyəcanlıdırlar. Yeni sahiblərimizlə doğru yolda addımlayırıq”.