F-1.az xatırladır ki, Force İndia ilk yarışda sürətli təsir bağışlamasa da, Peres və Okon komanda üçün 7 xal toplaya bilmişdilər.
Meksikalı sürücü yarışı 7-ci yerdə bitirsə də, 6-cı olan Massadan çox geridə qalmışdı. Hindistan təmsilçisi keçən ilə nisbətən çox zəifləyib və McLaren-lə Sauber-i nəzərə almasaq, ən az inkişaf edən komanda olub.
Serxio Peres: “Williams hazırda bir az öndədir. Toro Rosso da, Haas da sürətli idilər. Buna görə də strategiya hesabına onları qabaqladığımız üçün sevincliyik. Düşündüyümüzdən və bolidin potensialından daha yaxşı nəticə aldıq. Komanda olaraq mükəmməl strategiya tətbiq etdik və buna görə də çox sevincliyəm. Melburnda sürücü qabiliyyəti daha çox ön plana çıxır. Çox kələ-kötürlü və dar trasdır. Buna görə də performansımızın vacib olduğu bəzi traslarda işimiz çətin olacaq. Tez zamanda yeniliklər gəlməlidir. Bolidin üzərində çox işləməliyik.
Keçmişdə Force İndia-nın mövsümə pis başlanğıclarını görmüşük. Bu komandadakı 4-cü mövsümümdür və ən yaxşı startımdır. Əslində bazar günü yarışı bitirdiyimiz gücdə deyilik. Testlərdən sonra bolidi təkmilləşdirsək də, hələ də zəif tərəflərimiz var. Bunları həll etməliyik”.