F-1.az xatırladır ki, meksikalı sürücü son podiumunu may ayında Mayami yarışında əldə etmişdi. Bu yarışdan sonra isə podium üzünə həsrət qalmışdı. Lakin 32 yaşlı pilot iki aydan sonra Red Bull-un vətəni Avstriyada uğursuzluğa son qoyaraq, 3-cü olub. O, yarışa 15-ci yerdən başlasa da, mükəmməl performans göstərərək, aktivinə 15 xal yazdıra bilib.
Serxio Peres: “Doğrudan da çox xoşbəxtəm. Həm şəxsən, həm fiziki cəhətdən mənim üçün çətin həftəsonu idi. Doğrudan da halım yox idi. Dördüncü gün xəstə idim. Həftəsonu ərzində qızdırmalı idim və yuxusuz qalmışdım. Yenə də özümüzə gəldik. Çox sürətli idik və strategiyamız yaxşı işlədi.
Ferrari çox güclü idi. Xüsusən də, aşağı sürətli döngələrdə tez sürətlənirdilər. Buna baxmayaraq, yaxşı yarışdıq və yüksələ bildik. Nəticədən çox razıyam, çünki çətin dövrlər keçirirəm. Ümid edirəm ki, geri qayıtmışıq və burada daimi qala bilərik”.