F-1.az xatırladır ki, Ferrari 2015-ci ildə 3 yarış qazandıqdan sonra 2016-cı il mövsümünə çempionluq iddiası ilə başlasa da, mövsümü qələbəsiz bağlayıb. “Qırmızılar” mövsümün əvvəlində ən sürətli ikinci komanda təəssüratı yaratsalar da, mövsüm ərzində Red Bull-dan geri qalmış və Mühəndislər Kubokunda 3-cü olmuşdular.
“Şahə qalxan atlar” yayda texniki direktor Ceyms Əllisonla yollarını ayırmış və onun əvəzinə baş motorçu Mattia Binottonu gətirmişdilər.
Amma Ferrari-nin prezidenti inanır ki, onlar keçən ilə nisbətən çox inkişaf ediblər: “2015-ci ilə nisbətən çox güclü idik. Ən pisi isə bizim zəifləməyimiz deyildi. Rəqiblərimizin güclənməsi idi. Amma bunun çoxlu səbəbləri var və bu səbəbləri çox yaxşı başa düşürük. Texniki direktorumuz Ceyms Əllison şəxsi problemlərinə görə komandadan ayrıldı. Bu uşaqlara da vaxt vermək lazımdır. Onlar bir aydır ki, birgə işləyirlər.
Ferrari-nin ən böyük problemi son illərdə olduğu kimi aerodinamika idi, ancaq mən Mattia Binottoya güvənirəm. Red Bull bu il aerodinamik cəhətdən əla iş gördü və bizi qabaqladılar”.
Markionne əlavə edib ki, onlar avqust ayında yenidənqurma işlərinə başlayıblar: “Məncə, avqust ayındakı dəyişiklik yenidənqurma işlərinin başlanğıcı deməkdir. Dediyim kimi, bazadakı uşaqlar yaxşı işləyirlər və onlara özlərini göstərmələri üçün vaxt verəcəyik. Məncə, həll yolu budur. Ferrari karyerasında özünü yaxşı tərəfdən göstərən Binottoya çox güvənirəm”.