Ş.Lekler: Təhlükəsizlik maşını gözlədik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, trasda uzun müddət qalaraq, təhlükəsizlik maşını gözləsələr də, istədikləri olmayıb.

F-1.az xatırladır ki, Ferrari Monakoda favoritlərdən biri idi. Hətta çox adam düşünürdü ki, “qırmızlar”ın bu il qazanmaq üçün yeganə şansı məhz elə buradır. Lakin Lekler yarışı 6-cı, Sayns 8-ci yerdə başa vurublar.

Şarl Lekler: “Yarışa Hard təkərlərlə başladıq, amma bir yerdən sonra özümü qəribə hiss etdim. Ondan əvvəl təkərlər çox yaxşı işləyirdilər. Arxa təkərlərə nəzarət etməkdə çətinlik çəkdik və onları qorumağa çalışdım, amma bir nöqtədən sonra aşınma oldu və çətinlik çəkdik.

Medium təkərlərə keçdik. O da yaxşı idi, amma ötmə etmək mümkünsüz idi. Hard təkərlərlə bacardığımız qədər çox getdik, çünki təhlükəsizlik maşını ehtimalı var idi. Alınmadı və strategiyamızın qarşılığını ala bilmədik.

Geriyə dönüb baxanda həmişə fərqli davranmalı olduğumuz yerlər olur. Xüsusən də yarışdan sonra stratefiyanı tənqid etmək asandır, çünki pitə tez gəlsəniz və təhlükəsizlik maşını çıxsa, onda da niyə erkən pitə girdiyimizi sorğulayacaqlar. Bunun çətin olduğunu bilirdik. Yarışda təhlükəsizlik maşını gözlədik və təəccüblü halda heç kim səhv etmədi. Belə olan halda təhlükəsizlik maşını çıxmadı. Geriyə dönüb baxanda bəzi şeyləri dəyişdirə bilərdim, amma bunu maşının içində bilməzdik. Məncə, yarışda doğru seçimlər etdik.

Təbii ki, nəticə əsəbpozucudur. Bunun kimi keçən hər yarış əsəblərimizi pozur. Yarış öz vətənimizdə olanda lap məyus oluruq, amma eyni zamanda başımızı dik tutmalı və yolumuza davam etməliyik.

Mövsüm uzundur və bu təqvimdəki tək yarış deyil. Xallar hamısında eynidir və buna görə də Barselonada hər şeyə yenidən başlamalıyıq. Ümid edirəm ki, orada yaxşı həftəsonu keçirərik. Görüləsi işlər çoxdur. Təkər qorumaq bizim üçün ən pis nöqtələrdən biridir. Bunu düzəltməliyik”.

Qeyd edək ki, Şarl Lekler indiyə kimi vətənində podium üzü görməyib. Onun Monakodakı ən yaxşı nəticəsi keçənilki dördüncüyüdür.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*