F-1.az xatırladır ki, Scuderia sürücüləri bu maşınla 2003-cü ildə yeddi qələbə və beş poul qazanıblar, ümumilikdə 13 dəfə podiuma çıxıblar. Həmin il Şumaxer altıncı dəfə dünya çempionu olub və Ferrari yenidən Mühəndislər Kubokunda qələbə qazanıb.
F2003-GA, FIAT konserninin keçmiş rəhbəri Canni Anyellinin şərəfinə adlandırılıb, Ferrari-nin o zamanki texniki direktoru Ross Braun və komandanın baş dizayneri Rori Börn tərəfindən hazırlanıb.
Bazar ertəsi axşamı Şarl bort kamerasından çəkilmiş videonu sosial mediada paylaşıb və pərəstişkarları onun tarixi avtomobildə Yas Marinada dövrə vurduğunu görüblər.
Lekler maşını “güclü heyvan” adlandırıb. Komandanın sabiq rəhbəri Jan Todt da bu münasibətlə Əbu Dabiyə uçub. Uğurlu mütəxəssis yəqin ki, 20 il əvvələ qayıdaraq nostaljik hisslər yaşamış olar…