F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri doğma publika önündəki yarışa 1 və 3-cü yerlərdən başlayıblar. Ancaq yarışda gözlənildiyi kimi Red Bull komandasının sürücüləri təkərləri daha yaxşı istifadə ediblər və Maksla Peres yarışı 1 və 2-ci yerlərdə bitiriblər.
Yarışın sonlarında isə Karlos Saynsla Şarl Lekler arasında podiumun son pilləsi uğrunda gərgin mübarizə gedib. Monakolu sürücü komanda yoldaşınş keçə bilməsə də, azarkeşlər bu mübarizədən həzz alıblar.
Şarl Lekler: “Məncə, yarışlar belə olmalıdır. Mənə həmişə limitdə sürdüyümüz kartinq yarışlarını xatırlatdı. Keçmişdə Maks və Çeko ilə belə mübarizələrimiz olmuşdu. İndi də Karlosla oldu. Limitlərdə sürdük. Şəxsən bu mübarizədən həzz aldım. Çox yaxın olduğumuz anlar oldu. Ancaq şikayət etmirəm və belə yarışları sevirəm.
Bir-birimizlə mübarizə apararkən yaşadığımız adrenalin… Doğrudan da əyləncəli idi. Karlos müdafiə zamanı limitdə idi. Mən də hücum zamanı limitdə idim. İkimiz üçün də burada podium qazanmaq dəyərli idi. Buna görə əlimizdən gələni etdik”