F-1.az xatırladır ki, monakolu sürücü cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb. 25 yaşlı pilot sessiya ərzində 33 dövrə vurub və lider Maks Ferstappendən 0.065 saniyə geridə qalıb. Əslində pis nəticə olmasa da, o, maşının reaksiyalarından narazıdır.
Şarl Lekler: “Bolid istədiyim kimi davranmadığı üçün çətin gün idi. Buna görə sazlanmalara baxmalıyıq və bu gün düzgün sazlanma tapdığımızdan əmin olmalıyıq. Burada sıralanma turu çox vacibdir. Buna görə də yarış tempinin üzərində işləmədik. Sadəcə sıralanma turuna mümkün qədər yaxşı hazırlanmağa kökləndik”.
Qeyd edək ki, monakolu sürücü son iki ildə öz vətənində poul qazanıb. Lakin o bu poulları nəinki qələbəyə çevirə bilməyib, öz publikası önündə heç podiuma belə yüksəlməyib. Bəs Ferrari-nin gənc sürücüsü bu uğursuz seriyaya son qoya biləcək?