F-1.az xatırladır ki, monakolu sürücü yarışa pouldan başlasa da, startda komanda yoldaşı Fettelin gerisinə düşüb. Bundan sonra 22 yaşlı pilot radiodan komandasına deyib ki, təlimatlara hörmət edir və buna görə də komandasından anlayış gözləyir. Ferrari bu əsnada Fettelə komanda əmri versə də, almaniyalı sürücü fərqi 1,5 saniyəyə qaldırdığı üçün buna razı olmayıb. Buna görə də “qırmızılar” ilk olaraq Lekleri pitə çağırıblar. Bundan 4 dövrə sonra isə Fettel boksa gəlib və komanda yoldaşının gerisinə düşüb. Lakin bundan sonra hər şey italyanların əleyhinə dönüb. Əvvəlcə Fettel güc qurğusu probleminə görə mübarizəni dayandırıb və virtual təhlükəsizlik maşını rejimi başlayıb. Bundan istifadə edən Həmilton pitə gələrək, Leklerin önünə keçib. Monakolu pilot isə 3-cü yerə razı olub.
Şarl Lekler: “Ən azından stabilik. Podiumda olmaq gözəldir, lakin ikinci maşının burada olmaması pisdir. Bizimçün normal yarış idi. Mercedes sıralanma turuna nisbətən sürətlidir. Buna görə də performansımızı artırmalıyıq.
Həmişə komandama güvənəcəm, ancaq yarışdan əvvəl ilk iki yerdə olaq deyə Fettelə hava kisəsi verəcəyimlə bağlı danışdıq. Bunu etdik, amma sonra… Bu barədə komanda ilə danışacağıq. Tempimix var idi və Bottası keçə bilərdik. Lakin ona yaxınlaşanda maşın tamamilə qızırdı. Buna görə də üçüncü yer yaxşı nəticədir”.