F-1.az bildirir ki, Lekler startda yerini asanlıqla qoruyub, Luka Giotto da ikinciliyi əldən verməyib. Rouland üçüncülük uğrunda mübarizədə qalib gəlib. Artyom Markelov üçün start uğurlu olmayıb – rus sürücü onuncu yerə qədər geriləyib.
Lekler növbəti dövrələrdə rəqiblərindən uzaqlaşıb. Təkərlər tez aşınıb və pit-stoplar gözləniləndən tez edilib. Rouland Giotto ilə fərqi bağlayıb və onu keçərək ikinciliyə yüksəlib. Təkərləri yaxşı qoruyan Markelov yekunda beşinciliyə qədər yüksələ bilib. 32-ci dövrədə Santino Ferruççi və Nobuharu Matsuşita toqquşublar. Santinonun maşını çınqıllığa düşüb, asfaltda qırıntılar olduğu üçün Təhlükəsizlik Maşını trasa daxil olub. Restartdan sonra da liderlər yerlərini qoruyublar, Fuoko isə dörd rəqibini qabaqlayaraq üçüncü olub.
Beləliklə, mövsümdə 6-cı qələbəsin qazanan Lekler mövsümün sonuna üç yarış (Suzukada bir, Yas Marinada iki yarış) qalmasına baxmayaraq, titulunu rəsmiləşdirib. Maraqlıdır, biz onu gələn mövsüm Formula1-də görə biləcəyik?