F-1.az xəbər verir ki, monakolu sürücü onun üçün əsas məsələnin hər zaman sürət olduğunu bildirib.
Şarl Lekler: “Təəssüf ki, İmoladakı yarış ləğv edilməli idi, iştirakçıların və tamaşaçıların təhlükəsizliyi hər şeydən önəmlidir. Bizim üçün ev yarışı olsa belə, bu qərarı düzgün hesab edirəm. Orada nə baş verdiyini hamımız gördük – fotoşəkillər bunu çox gözəl təsvir etdi.
Mənim vəzifəm mümkün qədər sürətli sürməkdir. Maşında və trasda hər şey elə edilir ki, sürücülər risk barədə düşünməsinlər. Ona görə də mən yalnız sürətə, limitdə necə hücuma keçməyə diqqət edirəm. Nə vaxtsa yarışın təhlükəli olduğunu düşünsəm, dərhal təqaüdə çıxacağam.
Trasda yalnız nəticəni görürsən, amma bunun arxasında insanların çox vaxt başa düşmədiyi xeyli iş var. Bizim üçün əsas olan inamdır – maşına, mühəndislərə, mexaniklərə. Əks halda ola bilməz. Siz trasda 250 km/saatdan çox sürətlə gedəndə hər şey mükəmməl olmalıdır.
Təbii ki, təzyiqi hiss edirəm. Formula1-də bu, həmişə var, xüsusən də Ferrari-də çıxış edirsinizsə. Burada ən kiçik səhv belə tənqid olunur. Amma mən həmişə Ferrari üçün Formula1-də yarışmağı xəyal etmişəm. Bu məsuliyyəti öz üzərimə götürməyə hazıram.
Yaxşı dövrə vurmağın sirri nədədir? Bu iş, hazırlıq və riskin birləşməsidir. Sıralanma turunda siz maşının, təkərlərin və trasın hüdudlarını hiss etməli və hamısını birləşdirməlisiniz”.
Qeyd edək ki, Ferrari sürücülərinin bu il qələbəsi yoxdur və yalnız bir dəfə podiuma seviniblər. Əgər ötmələrin demək olar ki, mümkünsüz hesab edildiyi Monte Karlo küçələrində nisbətən güclü göründükləri sıralanma turunda qalib gəlsələr, yarışda da zəfər qazanmaq üçün əla şans əldə edə bilərlər…