F-1.az xatırladır ki, Ferrari mövsümün ilk 3 yarışının 2-də qələbə qazansa da, Red Bull sonrakı yarışlarda bolidi yüngülləşdirə bilib və bununla da təkər ömrünü uzadıb. Ferrari-də isə mövsümün ikinci hissəsində təkər yeyilməsi əvvəlkindən çox idi.
Şarl Lekler: “Bolid tempdə uduzursa, sürücü daha çox güc verməyə başlayır. Bu da təkər yeyilməsini artırır. Yəni ki, Red Bull-dan geridə qaldığımız üçün daha çox limitdə sürürdük və buna görə də təkərlər tez yeyilirdi. Mövsümün əvvəlində yarış tempimiz yaxın idi və yarışları istədiyimiz tempdə apara bilirdik.
Təkərləri oxumaq çox qarışıqdır. Sıralanma turunda vahid dövrədə əla işləyirdilər. Lakin yarış tempində fərq yaranır və vaxt itirirsiniz. Sinqapurda da bunu yaşadım. Bir maşının arcasında 5-6 dövrə getdim, amma daha sonra tamamilə temp itirdim.
Ən böyük problemimiz təkər yeyilməsi deyildi. Red Bull düzlüklərdə çox sürətlidir. Mövsümün əvvəlində döngələrdəki üstünlüyümüzlə fərqi azaldırdıq, amma sonra onlar da döngələrdə gücləndilər və bizi keçdilər. Yarış tempimiz də zəif idi. Bəzən işimizi çətinləşdirdik, məsələn bir dəfə bir təkərlə trasda çox qaldıq. Bazar günü strategiyalarda diqqətli olmalıyıq. Bütün mövsümə baxanda deyə bilərəm ki, titul uğrunda mübarizə apara bilərdik, amma bacarmadıq”.