Fettel məsuliyyətini dərk edib və ictimaiyyətdən səmimi üzr istəyib. Üzrxahlıq məktubu sürücünün rəsmi saytında dərc edilib.
Sebastyan Fettel: “Mən Bakıdakı hadisə ilə bağlı izahat vermək istəyirəm. Lyuis restartdan əvvəl qəfildən sürətini azaltdı və biz toqquşduq. Həmin epizodu yada salarkən düşünmürəm ki, pis bir niyyəti var idi. Mən də elə gərgin bir vəziyyətdə kəskin reaksiya verdim. Lyuis başda olmaqla, hamıdan, yarışa baxan azarkeşlərdən üzr istəyirəm. Başa düşürəm ki, nümunəvi hərəkət deyildi.
Mənim Lyuisə zərər vermək niyyətim olmayıb, amma başa düşürəm ki, etdiyim təhlükəli idi. Həm də FİA-dan üzr istəyirəm. Bakıdakı yarışda verilən və bu gün Parisdə veriləcək qərarlara hörmətlə yanaşıram. Mən bu idmanı çox sevirəm və qətiyyətlə bildirirəm ki, gələcək nəsillərə örnək olmalıyıq”.