Skuderiyanın mətbuat xidməti bu gün dördqat dünya çempionunun oturacağının komandanın bazasında hazırlanması barədə videoçarx dərc edib. Bir neçə gün əvvəl Fettelin komanda yoldaşı Kimi Rəykkönenin eyni proseduru keçməsi barədə videoçarx yayılmışdı, indi isə növbə Fettelə çatıb.
F-1.az oxucuların diqqətinə çatdırır ki, hər iki videoda ilk növbədə Maranelloda hökm sürən positiv atmosfer ön plana çəkilib – prosedurun ciddiliyinə baxmayaraq, komandanın başçısı Mauritsio Arrivabenedən tutmuş adi mexaniklərə qədər hamı gülümsəyir, Sebastyan isə hamıdan çox gülür.
Çox güman ki, komandanın lideri özünü elə belə də aparmalıdır, çünki komanda Fettelə çox böyük ümidlər bəsləyir. Keçən mövsüm yeni komandası ilə 3 qələbə qazanan Fettel artıq azarkeşlərin sevimlisinə çevrilib, amma bu il məsələ bir qədər çətinləşib: Skuderiya titul uğrunda mübarizəyə qoşulmağa hazırlaşır…
https://www.youtube.com/watch?v=Tb7FeJWJHUI