F-1.az xatırldır ki, Sebastyan Fettel keçid təkərlərini taxmaq üçün pitə tez girən sürücülərdən biri idi. Massa isə yağış təkərləri ilə trasda daha uzun müddət qalmağa qərar vermişdi.
Fettel trasa braziliyalı sürücünün arxasında qayıdıb, amma sürətli olmasına baxmayaraq, rəqibini ötə bilməyib. Massa pitə girdiyi zaman isə almaniyalı sürücü çox vaxt itirmişdi və quru təkərlərə keçdikdən sonra yenidən trafikə düşüb.
Sebastyan Fettel: “İlk pit-stoplarda aqressiv idik və bu qərar doğru idi. Amma Felipeni ötməli idim, lakin ötə bilmədim. Çoxlu vaxt itirdik və daha sonra digər rəqiblərimizin gerisinə düşdük. Əgər Felipeni vaxtında keçə bilsəydim, hədəfim podiuma çıxmaq yox, ilk iki yer uğrunda mübarizə aparmaq olardı. Yarış orada əldən getdi. Biz finiş gördüyümüz yerdən daha yaxşı yerlərə layiq idik”.
UltraSoft və SuperSoft tərkibləri seçən Həmilton və Rikkardonun əksinə Soft tərkibləri seçən Fettel yarışı onlardan 15 saniyə geridə bitirib.
Həmilton həftəsonunun ən yumşaq tərkibi ilə 45 dövrə vurub. Fettel isə bildirib ki, o, rəqiblərinin təkərlərinin tam yeyilməsini gözləyirmiş: “Elə bilirdim ki, hər ikisi də UltraSoft təkərlərdədir və gözləyirdim ki, bir dəfə də pit-stop etsinlər. Tras sürətli idi və düşündüm ki, təkərləri tez yeyilər. Amma sona qədər heç bir problem yaşamadan gedə bildilər. Soft təkərlər düzgün seçim idi. Onlar yarışın sonuna qədər sürətli təkərlər idi. Aradakı fərqi bağlamağa davam etdik, amma növbəti dəfə pitə gəlmədikləri üçün onlara çata bilmədik”.