F-1.az xatırladır ki, Sebastyan Fettel ilə Daniel Rikkardo 2014-cü ildə komanda yoldaşı olmuşdular – Rikkardo həmin mövsümü 3-cü, Fettel isə 5-ci pillədə bitirmişdi. Qeyd edək ki, almaniyalı sürücü karyerası ərzində ancaq Rikkardodan geridə qalıb.
Rikkardo sonuncu Monako yarışınında qələbə fürsətini Red Bull-un səhvi üzündən əldən vermişdi. Bundan sonra Rikkardonun komanda ilə gələcəyi naməlumdur. Fettel isə avstraliyalı sürücü ilə yenidən komanda yoldaşı olmağa qarşı deyil.
Sebastyan Fettel: “Onun gəlişinə qarşı çıxmaram. Danieli sevirəm. Güclü sürücüdür və 2014-cü ildə əla mövsüm keçirmişdi. Son iki il ərzində nələrin baş verdiyini bilmirəm, çünki komandanın içində deyiləm. Amma mən bilirəm ki, o yaxşı insandır.
Amma insanları mən işə götürmürəm. Bu mənim qərarım deyil. Komanda ilə bu barədə danışmamışam. Bunun söhbəti belə olmayıb. Hələki, aradakı fərqi bağlamağa çalışırıq. Bizim üçün birinci hədəf budur”.
Fettel əlavə edib ki, onun Rikkardo ilə 2014-cü ildən qalma yarımçıq haqq-hesabı yoxdur: “2014-cü il geridə qaldı və mən o mövsümə insanlardan fərqli baxıram. Sonda hamı nəticəyə baxır və bu bəsit yanaşmadır. Testlərdə biri birinci yerdədirsə, bunun bir çox səbəbi ola bilər. Sürətli olduğu üçün orada olmaya bilər”.
Fettel komanda yoldaşı Rəykkönenin 2017-ci ildə də komandada qalmağını istəyir: “Qalmağına etiraz etməzdim. Aramız yaxşıdır və onunla işləmək asandır. Çünki o sizi işinizdən yayındıran əməllərə və ya taktikalara əl atmır”.