F-1.az xatırladır ki, sıralanma turunun ikinci sessiyasında Mercedes sürücüləri və Maks Ferstappen Soft təkərlərdən istifadə ediblər. Ferrari sürücüləri isə onluğa düşmək üçün SuperSoft təkərlərdən istifadə ediblər.
Soft təkərlər start almaq üçün daha əlverişli görünür, çünki SuperSoft təkərlər daha tez yeyilir.
Fettel poul qazanan Həmiltondan 1.3 saniyə geri qalıb. Almaniyalı sürücü bildirib ki, Soft təkərlərdən istifadə etmək risk olardı: “Bunu düşündük, amma reallaşdırmaq üçün lazımi tempimiz yox idi. Bugünkü performansımızdan razı deyilik. Bu tras iki həftə əvvəlki Suzukaya oxşasa da, burada daha çox problem yaşayırıq.
Problemlərin səbəbini bilmirəm. Dünən də tempimiz yaxşı deyildi. Düşünürdüm ki, bu gün vəziyyəti yaxşılaşdırarıq və boliddən razıyam, amma tempimiz yoxdur”.
Fettel bu mövsüm səkkisinci dəfə komanda yoldaşı Rəykkönendən geri qalıb: “Kimi bu gün əla performans göstərdi. Hər iki Q3 dövrəm də pis idi. Daha güclü performans göstərə bilmədim. Xoşbəxt olmamağımın səbəblərindən biri budur. Amma rəqiblərimizlə olan fərq də bizi məyus edir.
Son yarışlarda güclü idik, amma burada düşündüyümüz qədər sürətli ola bilməmək yaxşı hal deyil”.