F-1.az xatırladır ki, almaniyalı sürücü birinci pit-stoplardan sonra rəqiblərinə nisbətən trasda daha çox qalmış və ikinci dəfə pitə gələrək SuperSoft təkərləri götürmüşdü. Fettel bu üstünlükdən maksimum istifadə edərək, həm Rikkardonu, həm də Ferstappeni keçərək podiumun son pilləsinə yüksəlib.
Sebastyan Fettel: “Bizim üçün çox vacib yarış idi. Son dövrələrdə yarışı qazana biləcəyimizi düşündüm. Amma Mercedes-i düzlükdə keçmək asan deyildi. Nə olursa-olsun podiuma layiq idik. Yay tətilindən sonra bəxtimiz gətirmirdi və bolidin performansından istifadə edə bilmirdik. Buna görə də, mövsümü podiumda bitirdiyim üçün xoşbəxtəm. Builki performansımıza görə bəhanə axtarmamalıyıq. Daha yaxşı nəticələr hədəfləsək də, bunlar baş tutmadı. Gələnilki yeni qaydalar ilə daha yaxşı nəticələr almaq istəyirik.
Son yarışlarda tempimiz yaxşı olsa da, təmiz həftəsonu keçirə bilmirdik. Əbu Dabidə yaxşı nəticə aldığımız üçün sevincliyik. Nikonu isə təbrik edirəm. İl ərzində güclü performans göstərərək, çempion oldu”.