F-1.az xatırladır ki, Daniil Kvyat bu insidentə görə 10 saniyəlik “Stop and Go” cəzası almışdı və daha sonra isə komandadakı yerini Ferstappenə verməli olmuşdu.
Sebastyan Fettel bu barədə danışıb: “Öyrəndiyimə görə, qərar çoxdan verilibmiş. Soçidəki insidentin bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Bir sürücü üçün yaxşı, digəri üçünsə pis xəbərdir. Red Bull-un komanda kimi çox güclü olduğunu inkar edə bilmərik.
İki komandanı müqayisə etsək, görərik ki, elə də fərqlənmirlər. Maksın əlinə əla fürsət düşdü. Mən bilmirəm ki, onlar qərar verəndə nəyə baxırlar, amma məndən soruşsanız, bu dəyişikliyin səbəbi Rusiya və Çin yarışları deyil.
Kvyat insidentdən sonra məndən üzr istədi və biz problemi həll edərək, mövzunu bağladıq. O mənə dedi ki, səhv edib və bir də olmayacaq. Təbii ki, hadisələr yeni baş verəndə, mən də əsəbi idim, amma hər yarışda bu cür hadisələr yaşana bilər.
Bu bazar günü burada yeni bir insidentin olmamasına heç kim təminat verə bilməz”.
Fettel bildirib ki, Red Bull Kvyatı göndərsə də, komandanın gənc sürücü inkişaf proqramı yaxşı işləyir: “Gənc sürücülərə şans vermələri çox gözəldir. Sadəcə Red Bull komandası onlarla yaxşı davranmalıdır.
Mənim də əlimə şans düşmüşdü və üzərimdə təzyiq hiss edirdim, amma o təzyiq olmasaydı, hazırda burada olmazdım.
Əlinizə fürsət düşəndə, onu dəyərləndirməlisiniz. Dəyişən şərtlərə baxmayaraq, əlinizə düşən fürsətləri yaxşı dəyərləndirməlisiniz”.