F-1.az xatırladır ki, Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene keçən ay bildirmişdi ki, Fettel komandada qalmağa layiq olmasını sübut etməlidir. Bundan başqa Arrivabene əlavə etmişdi ki, almaniyalı sürücü komandada başqa işlərə fokuslanmaqdansa, sadəcə bolidini sürməlidir.
Sebastyan Fettel: “Bura çox fərqlidir. Red Bull-a keçəndə 21 yaşım var idi. İndi bir az təcrübəliyəm. Buna görə də vəziyyət də fərqlidir. Böyüdüyünüz zaman təcrübəniz də artır və hadisələri daha böyük pəncərədən görürsünüz. Hadisələrə də fərqli yanaşırsınız. Nəsə görəndə, kömək etməyə çalışıram. Burada əsas vəzifəm bolidi sürməkdir, amma eyni zaman da komandama kömək də etməliyəm.
Gördüyümə görə Arrivabenenin məsuliyyəti çoxdur. O, doğrudan da, çox işləyir. Amma komandada çoxlu işçi var və buna görə də tək deyil. Hamı əlindən gələni edir. 1300 işçini idarə etmək asan olmasa da, Arrivabene bunu yaxşı bacarır. Gələcəyə ümidlə baxırıq. Lazımi yerlərə əlavələr etdikdən sonra…
Daha əvvəl Red Bull-da bu cür işin içində olmuşam və belə işlər uzun illər tələb edir. Onlar bu işlərlə 2005-ci ildə məşğul olmağa başlasalar da, ilk qələbələri 2009-cu ildə gəldi. Buna görə də vaxt lazımdır.
Mercedes də uğur qazanmaq üçün illərlə gözlədi. Önə keçmək istəyirsinizsə, zamana ehtiyacınız var. Çünki hər şeyin bir araya gəlməsi vaxt aparır. Amma hər şey bir araya gələndə yaxşı nəticələr də gəlir”.