F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-2013-cü illərdə 4 dəfə Dünya Çempionu titulunu qazanmışdı. Amma almaniyalı 2014-cü ildə komanda yoldaşı Rikkardoya məğlub olmuş və 2015-ci ildən etibarən Ferrari-yə transfer olunmuşdu.
“Qırmızılar”ın heyətindəki ilk mövsümündə 3 qələbə qazanan Fettel bu mövsümə çempionluq şüarı ilə başlasa da, 19 yarışdan sonra qələbə qazana bilməyib.
29 yaşlı sürücü Meksika yarışında rəqiblərini təhqir edərək, gündəmə gəlmiş və rəqibləri tərəfindən tənqid olunmuşdu.
Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Fettel tezliklə karyerasını bitirə bilər: “Məncə, Fettel Formula1-də uzun müddət qalmayacaq. O, Formula1-ə gələndə çox gənc idi və çoxlu rekordlar qırdı. İndi onu izləyirəm və əvvəlki kimi olmadığını görürəm”.
The Times qəzetinə açıqlama verən adsız mənbələrdən biri isə Fettelin Formula1-dən ayrıla biləcəyini deyib: “Sebastyan buradan gedə bilər. Dörd dəfə Dünya Çempionu oldu və artıq sübut etməyə heç nə qalmayıb. O, xüsusi adamdır. Heç kimə yalvaran deyil. Getsə, heyif olar, amma bunu edə bilər”.