F-1.az xatırladır ki, Fettel 2015-ci ildə Ferrari-də debüt etmiş və 3 qələbə qazanmışdı. Amma almaniyalı sürücü 2016-cı ildə qələbə qazana bilməmiş və bəzi yarışlarda komanda yoldaşı Rəykkönendən geri qalmışdı.
Sebastyan Fettel: “Buraya ilk gələndən düşündüyüm tək şey çempionluqdur. Son iki mövsümdə işlər istədiyimiz kimi getmədi, amma bu mövsüm özümüzə gəlib, yaxşı nəticələr alacağımıza inanıram. Böyük dəyişikliklər olacaq və buna uyğunlaşa biləcək gözəl bir komandamız var və bu üstünlükdən maksimum faydalanmaq istəyirik. Məqsədimiz mümkün qədər Mercedes-ə yaxınlaşmaqdır. Onların vəziyyətləri yaxşıdır və birdən-birə geriyə düşməyəcəklər. Keçən il də hədəflərimiz böyük olsa da, bunları reallaşdıra bilmədik. Əgər Mühəndislər Kubokunda ikinci olsaydıq, bunu qəbul etmək olardı. Amma üçüncülüyü heç vaxt qəbul edə bilmərik. Əgər Ferrari üçün yarışırsınızsa, tək məqsədiniz qələbə olmalıdır. Keçən ildən çox şey öyrəndik. Bu təcrübələrimizdən istifadə edib, 2017-ci ildə uğur qazanacağımıza inanıram”.