F-1.az xatırladır ki, Formula1 üzrə ən gənc 4 qat Dünya Çempionu adları bolidlərin xarakterinə görə seçir. Almaniya mətbuatının məlumatına əsasən, Fettel yeni bolidinə Cina (Gina) adını verib və yeni addan razı görünür.
Qeyd edək ki, Fettelin müəllimi və kumiri Mixael Şumaxerin də qızının adı Cinadır. İtalyanca bu ad Recina (Regina) adının qısaldılmış formasıdır və şahzadə, kraliça anlamına gəlir.
Xatırladaq ki, Fettel 2008-ci ildə Toro Rosso-da keçirdiyi ilk tam mövsümdə maşınına Culi (Julie) adını vermişdi – Culi sürücüyə ilk poul və qələbə bəxş etmişdi. 2009-cu ildə almaniyalı sürücü öz maşınını Keyt (Kate) adlandırmışdı. 2010-cu ildə Dəliqanlı Məndi (Randy Mandy) və Şirin Liz (Luscious Liz), 2011-ci ildə Ehtiraslı Kayli (Kinky Kylie), 2012-ci ildə Əbbi (Abbey), 2013-cü ildə isə Ac Haydi (Hungry Heidi) adlandırdığı maşınlarla ardıcıl 4 titul qazanmışdı. Red Bull-da sonuncu maşınına Syuizi (Suzie) adını vermişdi.
Skuderiyaya keçdikdən sonra ənənəsinə sadiq qalan sürücü ilk maşınına Həvva (Eva), keçənilki maşınına isə Marqarita (Margherita) adlarını vermişdi.