F-1.az xatırladır ki, Sebastyan Fettel hər il bolidinə qız adı qoyur. Almaniyalı sürücü builki bolidinə Marqarita adını qoyub.
Amma ictimaiyyət düşünür ki, Fettel bolidinə pizza adı verib. Fettel bu barədə danışıb: “Birincisi, onun adı Marqaritadır.
Lüğətə baxsanız, görəcəksiniz ki, onun mənası pizza deyil. Biz bu adı bəyəndik. Hər il bolidə bir ad veririk. Keçənilki bolidə Həvva (Eva) adını vermişdik, builkinə isə Marqarita adı verdik”.
Fettel komandanın inkişafı barədə də danışıb: “Gərgin formada işlədik. Builki layihəyə tez başladıq. Ona görə də çox güclü inkişaf etdik.
Kənardan baxanda fərqləri görmək asandır, ancaq işin içində olanda görürük ki, yaxşı iş görmüşük. Ona görə də trasa çıxan kimi sürətli olduq və il ərzində daha çox inkişaf edəcəyik.
Bu yaxşı xəbərdir, amma işlər əvvəldən yaxşı gedəcəkmi? Onu bilmirəm.
Ümid edirik ki, inkişaf edə biləcəyik. Biz bilirik ki, çətin mübarizənin içindəyik. Bizə məlumdur ki, Mercedes 2 ildir ancaq mühərrik gücünə qazanmır. Onların bolidləri də çox güclüdür.
Yeni mövsümə əvvəlki mövsümdən pis bolidlə başlamaq çox çətindir. Biz bilirik ki, inkişaf etmişik və daha güclüyük. Ona görə də son həddə qədər inkişaf etməyə davam edəcəyik”.