F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunu 5-ci yerdə tamamlayıb. Fettel bildirib ki, Alonso yerində fırlandıqdan sonra Batton çox yavaşlayıb və onun dövrəsini məhv edib: “Beşinci yerə layiq deyildik. Son dövrədə Batton yavaşladı və mənə yol vermədi. Mən də vaxt itirdim. Onun bu hərəkətini başa düşə bilmirəm. Elə bil yatmışdı. Deyəsən, o, sarı bayraqlardan sonra heç kəsdən sürətli dövrə gözləmirdi. 12-ci döngədə yolumdan çəkilmədi. 13-cü döngəyə gəldikdə isə məni gördü və kənara çəkildi. Amma artıq çox gec idi və vaxt itirmişdim. Ondan sonra maksimum gücdə sürməyin mənası yox idi. Bu gün üçlükdə ola bilərdik. Bolid güclü idi və bu nəticə məyusedicidir.
Rosberq ilə eyni dövrədə idik. Mənim arxamdan gəlirdi. O sürməyə davam etdi və nəticəsini gördük. Üçüncü sərbəst yürüşlərdən sonra bəzi dəyişikliklər etmişdik və bunlar gözəl işləyirdi. Bolid doğrudan da əla idi, ancaq bunu göstərə bilmədik”.