F-1.az xatırladır ki, Sebastyan Fettelin gələcəkdə Ferrari-də qalmaq şansından danışan komandanın rəhbəri Mauritsio Arrivabene bildirmişdi ki, Fettel buna layiq olduğunu göstərməlidir.
Sebastyan Fettel: “Nə dediyini eşitməmişəm, amma onunla həmişə çox dürüst və açıq münasibətimiz olub. Xoşlamadığım bir şey olarsa, ona deyərəm. Bu, ona da aiddir. Aramızda heç bir problem yoxdur – deməli, düzəltməli olduğumuz bir şey də yoxdur. İkimiz də diqqətimizi uğur qazanmağa yönəltmişik. Yarışlarda qalib gəlməyə və gələcək üçün daha da güclənməyə çalışırıq. Əsas hədəfimiz budur”.
Sebastyan mövsümün gedişindən razı qalmadığını da bildirib: “Komanda mənim yaxşı çıxış etməmi istədiyi kimi, mən özüm də istəyirəm. Bunu edə bilmədiyim yarışlar oldu və buna görə də çıxışımdan razı deyiləm. Çünki daha artığını edə bilərəm. Həmişə nəticələr ədalətli olmur – bəzən yaxşı çıxış etdiyimizdə də müəyyən səbəblərdən pis nəticələr əldə edirik. Əsas hədəfimiz mövsümün sonuna qədər daha da güclənməkdir. Gələn il reqlamentin dəyişilməsinə baxmayaraq, bu il öyrəndiklərimiz gələn il də köməyimizə çatacaq. Hələ də bu mövsüm öyrənəcəyimiz çox şey var”.