F-1.az xatırladır ki, Fettel Malayziya yarışının birinci döngəsində Rosberq ilə təmas yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmışdı. Qəza vaxtı almaniyalı sürücünün yanında olan Ferstappen onun dəli kimi sürdüyünü demişdi.
Sebastyan Fettel: “Məni belə görmədiklərini deyənləri anlamadım. Həyatımda bir neçə dəfə birinci döngədə aqressiv olmuşam və bu çox vaxt uğurlu olub. Bəzən isə işə yaramayıb və keçən həftə bunlardan birini yaşadım”.
Ferrari zəif olduğu üçün aqressiv olduğu barədə çıxan xəbərlərə isə Fettel belə cavab verib: “Xeyr. Nə demək istədiyinizi başa düşürəm. Keçən həftə olanları açıqlamışam. Təhlil aparmaq lazım deyil. Əlinizdəki boliddən həmişə maksimumu almaq istəyirsiniz. Bəzən aqressiv sürərsiniz. Bu normaldır. Bəzən isə lazımi qədər aqressiv ola bilməzsiniz”.
Fettel yarışdan sonra Rosberqə zəng edərək üzr istəyib. Sebastyan bildirib ki, insident yaşanmasa, döngəyə rahat girə bilərdi: “Daxildən girdim və Maks ilə yan-yana idik. Amma sonda iki boliddən də gec əyləcə basdım. Amma döngəni dönə bilərdim. O mövzuda problem yox idi. Dəli kimi atəş açmırdım. Bir az riskli idi və nəticədə mükafatını ala bilmədim. Niko üçün pis gün oldu, çünki günahı yox idi. Yarışdan sonra ona zəng etdim və düşüncələrimi dedim. Bəzən belə hallar olur”.