F-1.az xatırladır ki, 18 yaşlı sürücü Formula1-də həm testlərdə, həm də simulyator proqramlarında iştirak etməklə yanaşı GP3-də DAMS komandasının şərəfini qoruyurdu.
Ferruççi mövsümü 36 xalla 12-ci yerdə tamamlamış və İspaniyada podiuma yüksəlmişdi. Gənc sürücü DAMS və Trident komandaları ilə Əbu Dabidəki testlərdə də iştirak edib.
Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, komandanın Ferruççi ilə uzunmüddətli planları var: “Developer sürücüsü kimi qalacaq. Bu uzunmüddətli vəzifədir və gələn il onunla nə edəcəyimizi tam olaraq bilmirik, çünki bilirsiniz ki, hazırda testlər müəmmalıdır. Hansı testləri edəcəyimizi bilirik, amma kiminlə edəcəyimizə qərar verməliyik. Bundan başqa Ferruççi ilə birinci sərbəst yürüşlərdə iştirak edib-etməyəcəyimizə də qərar verməliyik. Qışda bu mövzu barədə danışacayıq”.
Ştayner Ferruççinin GP3-dəki enişli-yoxuşlu performansına münasibət bildirib və amerikalı sürücünün daha stabil nəticələr göstərməli olduğunu deyib: “Tempi yaxşı idi, amma daha yaxşı dövrələr vurmalıdır. Yarışlarda yaxşıdır və normal sürür. Bir dəfə də podiuma yüksəldi. Hələ gəncdir və fokuslanaraq “Tamam, 3 sürətli sektor zamanı göstərə bilərəm. İndi sürətli dövrə vurmalıyam” deməlidir.
Ümid edirəm ki, Formula1-də çıxış edər. Hazırda GP3-də yarışmağa davam edəcəyini düşünürəm. Necə inkişaf etdiyini görməliyik. Onun işləmə səbəbi budur. Amerikadakı sürücülər arasında yaşına görə ən çox gələcək vəd edən sürücü odur. Buna görə də Ferruççini dəstəkləməliyik. Uğur qazanmaq onun əllərindədir”.