F-1.az xatırladır ki, əvvəlcə F1 və FİA rəhbərliyinin komanda başçıları və sürücülərlə brifinqində hər şeyin proqrama uyğun davam etməsi razılaşdırılsa da, sürücülər gecə yenidən yığışıblar. Onlar yalnız təhlükəsizlik barədə söz verildikdən sonra yarışmağa razılıq veriblər.
Hər üç sərbəst yürüşlərdə protokollara başçılıq edən sürücü Şarl Lekler olub. Maks Ferstappen ona ən yaxın nəticələri göstərib. Niko Hülkenberq bu həftə də koronavirusa yoluxmuş Sebastyan Fetteli əvəz edib.
Pirelli buraya keçən il olduğu kimi, yenə də orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Yumşaq təkərlər tez köhnəlir, lakin yenə də əhəmiyyətli üstünlüyə malikdir.
İlk Sessiyada Mercedes sürücüləri ilk cəhdləri üçün Medium, qalanları isə Soft təkərləri seçiblər. Latifi 13-cü dəqiqədə qəza edərkən əksər sürücülər sürətli dövrələrində olublar. Qırmızı bayraqlar çıxıb, Nikolas müayinə üçün tibbi mərkəzə göndərilib. Bir qədər sonra restart verilib. Tsunodaya yanacaq sistemindəki problemə görə boksa gəlməsi tapşırılıb və o daha trasa qayıtmayıb.
Sayns 1:28.855-lik nəticə iləlider olub. Həmilton bir neçə cəhd etsə də, son beşlikdən qurtula bilməyib və 2017-ci ildəki Braziliya Qran Prisindən bəri ilk dəfə birinci sessiyada mübarizəni dayandırıb. Onunla və nəticə göstərə bilməyən Tsunoda ilə birlikdə Elbon, Hülkenberq və Latifi üçün də sıralanma turu başa çatıb.
İkinci Sessiyada Russell Medum təkərlərlə başlayıb, qalan sürücülər yumşaq tərkibə üstünlük veriblər. Lekler ilk cəhdlərdən sonra 1:28.883-lük nəticə ilə daha sürətli olub. Rikkardo 7-ci döngədə Okonun qarşısını kəsib və stüardlar bu insidenti sıralanma turundan sonra araşdıracaq. Bitimə 5 dəqiqə qalmış Şumaxerin ağır qəzası növbəti dəfə qırmızı bayraqlara səbəb olub. Mik 10-cu döngədə idarəetməni itirib və qarşı tərəfdək divara güclü şəkildə çırpılıb. Dərhal tibbi maşın gəlib, sürücü maşından çıxa bilməsə də, özündə olub və həkimlə danışıb. Öncə tibbi mərkəzə, daha sonra isə xəstəxanaya göndərilən sürücü anası ilə də əlaqə saxlaya bilib. Xoşbəxtlikdən ciddi xəsarət almayıb.
Zərbədən sonra asfalta maşından xeyli maye axıb. Trekin təmizlənməsi və baryerlərin düzəldilməsi xeyli vaxt alıb. Hadisə yerinə yarışın hakimi Nils Vittiç də gəlib. Restart qəzadan 57 dəqiqə sonra verilib. Sayns bu dəfə də hamını qabaqlayıb – 1:28.686. McLaren sürücüləri, Çjou, Şumaxer və Stroll ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Sayns ilk cəhdləri lider kimi başa vurub – 1:28.402. Ferstappen yalnız altıncı ola bilib və asfaltla ilişmədən şikayətlənib. İkinci cəhdlərdə Sayns nəticəsini yaxşılaşdıra bilməyib, əvəzində isə komanda yoldaşı Lekler 1:28.225 ilə poula çox yaxınlaşıb. Lakin son sözü Peres deyib – 1:28.200!
Beləliklə, Serxio Peres karyerasında ilk poulunu əldə edib. Çeko bu uğura 216-cı yarışında çata bilib ki, bu da F1 tarixində ən uzun göstəricidir. Sabahkı yarışa onunla ilk cərgədən Şarl Lekler başlayacaq. Onların arxasında isə Karlos Sayns və Maks Ferstappen qərarlaşacaqlar. Möhtəşəm nəticə göstərən Esteban Okonla üçüncü cərgəni bölüşəcək sürücü isə Corc Rasselldir.
Mövsümün ikinci yarışı sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 11 | Serxio peres | Red Bull | 6 | 1:29.705 | 7 | 3 | 1:28.924 | 6 | 1:28.200 | 7 |
2 | 16 | Şarl Lekler | Ferrari | 3 | 1:29.039 | 6 | 2 | 1:28.780 | 8 | 1:28.225 | 8 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1 | 1:28.855 | 6 | 1 | 1:28.686 | 9 | 1:28.402 | 8 |
4 | 1 | Maks Ferstappen | Red Bull | 2 | 1:28.928 | 7 | 4 | 1:28.945 | 7 | 1:28.461 | 8 |
5 | 31 | Esteban Okon | Alpine | 13 | 1:30.093 | 7 | 9 | 1:29.584 | 7 | 1:29.068 | 5 |
6 | 63 | Cors Rassell | Mercedes AMG | 4 | 1:29.680 | 9 | 10 | 1:29.618 | 7 | 1:29.104 | 5 |
7 | 14 | Fernando Alonso | Alpine | 11 | 1:29.978 | 7 | 5 | 1:29.295 | 7 | 1:29.147 | 6 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | 5 | 1:29.683 | 7 | 6 | 1:29.404 | 8 | 1:29.183 | 7 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 8 | 1:29.891 | 7 | 7 | 1:29.418 | 8 | 1:29.254 | 7 |
10 | 20 | Kevin Maqnussen | Haas | 7 | 1:29.831 | 9 | 8 | 1:29.546 | 9 | 1:29.588 | 6 |
11 | 4 | Lando Norris | McLaren | 9 | 1:29.957 | 9 | 11 | 1:29.651 | 7 | ||
12 | 3 | Daniel Rikkardo | McLaren | 12 | 1:30.009 | 9 | 12 | 1:29.773 | 8 | ||
13 | 24 | Quanyu Çjou | Alfa Romeo | 10 | 1:29.978 | 11 | 13 | 1:29.819 | 6 | ||
14 | 47 | Mik Şumaxer | Haas | 14 | 1:30.167 | 8 | 14 | 1:29.920 | 5 | ||
15 | 18 | Ləns Stroll | Aston Martin | 15 | 1:30.256 | 9 | 15 | 1:31.009 | 6 | ||
16 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 16 | 1:30.343 | 11 | |||||
17 | 23 | Aleksander Elbon | Williams | 17 | 1:30.492 | 9 | |||||
18 | 27 | Niko Hülkenberq | Aston Martin | 18 | 1:30.543 | 10 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:31.817 | 4 | |||||
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | 20 | – | 2 |