Ş.Bratçes: “Optimal yarış sayını müəyyən etmək lazımdır”

Formula1-in kommersiya direktoru Şon Bratçes Liberty Media-nın təqvimdəki yarış sayını artırmaq istəyindən danışıb. Buna görə də Formula1-in yeni sahibləri gələcəkdə yarışlar təşkil edə biləcək trasların axtarışındadırlar.

F-1.az xəbər verir ki, Bratçes Silverstounda baş tutan Williams komandasının 40 illik yubileyinə həsr olunmuş tərbirdə Reuters-in suallarını cavablayıb.

Şon Bratçes: “Biz hansı traslarda yarışların keçirilməsi məsələsini komandalarla birgə həll etmək istəyirik. Lakin hesab edirik ki, yarışların sayı 21-dən çox olmalıdır. Bizi maraqlandıran və bu sahədə potensialı olan bazarlara hücuma keçmək istəyirik. İlk növbədə həmin bölgələr üçün uyğun təqvim formalaşdırmalıyıq. Hətta gedib yerli hakimiyyətlə danışa da bilərik ki, bu da Formula1-in əvvəlki rəhbərliyinin yanaşmasından fərqlənir”.

Bununla belə, kommersiya direktoru qəbul edir ki, yarış sayının çox olması çempionatın iştirakçıları üçün əlavə yükdür və təqvim digər seriyaların təqvimləri ilə üst-üstə düşə bilər: “Bütün bunlar nəzərə alınmalıdır. Buna görə də, komandalarla sıx əməkdaşlıq etməli və optimal say həddini tapmalıyıq. Biz çox istəyirik ki, azarkeşlərin tələblərinə cavab verə bilək. Gələn il bir həftəsonu ərzində həm Uimbildon tennis turnirinin, həm də futbol üzrə Dünya Çempionatının finalı baş tutacaq. Həmin günlərə Britaniya Qran Prisinin salınması heç də ən yaxşı variant olmaz”.

Gələn il Fransa Qran Prisi də təqvimə qayıdır. Hələ təsdiq olunmasa da, məlumatlara görə, yay aylarına daha bir yarış salına və avqustdakı bir aylıq fasilə azaldıla bilər. Amerikalı menecer bu barədə də fikrini bildirib: “Biz Formula1-də işləyən hər kəsə hörmət göstərməyə çalışırıq. O cümlədən, jurnalistlərə də. Hamı ailəsi ilə birlikdə istirahətə vaxt ayıra bilməlidir”.

O həm də başa düşür ki, təqvimdə bir həftə fasilə ilə ardıcıl yarışlar olmamalıdır. Çünki bu, loqistikada hansısa nəzərəçarpan qənaətə gətirib çıxarmır: “Biz yaxın coğrafi mövqelərdəki yarışları birləşdirməyə çalışırıq. Lakin hava şəraiti və müqavilə kimi bəzi amillərə görə buna nail olmaq çətindir. Həm də bütün tərəflərin qazanmasına nail olmaq istəyirik. Təşkilatçılara ziyan vuracaq hər hansı addım atmaq niyyətində deyilik”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*