F-1.az xatırladır ki, dünən baş tutan hər iki sərbəst yürüşlərdə Valtteri Bottas protokollara başçılıq edib. Bugünkü məşqlərdə isə hamını üstələyən sürücü Lyuis Həmilton olub.
Pirelli bura mövsümdə ilk dəfə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Komandalar C5 təkərlərindən qış testlərindən bəri ilk dəfə istifadə ediblər.
İlk Sessiyada Rassell Medium, yerdə qalan sürücülər Soft təkərlərlə mübarizəyə başlayıblar. Lakin Rassell dərhal təkərini dəyişməli olub. Renault sürücüləri ikinci cəhdlərinə Medium-larla çıxıblar. Bottasın ilk sürətli dövrəsi sessiyanın ən yaxşısı olub – 1:32.656. Həmilton, Qrojan, Maqnussen və Qaslinin nəticələri 2-ci döngədə trasdan tam çıxdıqları üçün ləğv edilib. Alfa Romeo və Haas sürücüləri ilə yanaşı, Latifi də ilk mərhələdəcə mübarizəni dayandırmalı olub.
İkinci sessiyada Mercedes sürücüləri və Ferstappen Medium təkərlərdən, digərləri isə Soft təkərlərdən istifadə ediblər. Həmilton ən yaxşı nəticəni göstərsə də, 18-ci döngədə trasdan çıxdığı üçün nəticəsi ləğv edilib. Lyuis boksa qayıdıb, ikinci cəhdinə çıxıb və bu dəfə ona Fettelin qəzası mane olub – alman sürücü ikinci döngədə səhvə yol verərək qəza edib və sessiya sona 2 dəqiqədən bir qədər çox qalmış, qırmızı bayraqlarla dayandırılıb.
Sebastyan maşını özü tərk edib və tibbi maşınla oradan uzaqlaşıb. Restart 11 dəqiqə sonra verilib və Lyuis məcburi Soft təkərlərdən istifadə edib. Rikkardo, Bottas və Rassell ikinci cəhdindən imtina edib, Sayns və Peres sürətli dövrəyə başlamaq üçün vaxt tapmayıblar. Lyuis yekunda 4-cü nəticəni göstərə bilib, protokollara isə Rikkardo başçılıq edib. Fettel, Rassell, Stroll, Kvyat və Lekler ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Həmilton ilk cəhdində 1:31.391-lik nəticə ilə Botatsı böyük fərqlə üstələyib. İkinci cəhddə isə nəticəsini daha da yaxşılaşdırıb və trasın mütləq rekordunu yeniləyib – 1:31.304. Komanda yoldaşından 1 saniyədən çox sürətli olan Ferstappen isə hətta Bottası da keçərək sabahkı yarışa ilk cərgədən başlamağa haqq qazanıb.
Beləliklə, Lyuis Həmilton mövsümdə 8-ci, karyerasında isə 96-cı poulunu əldə edib. Maks Ferstappen ikinci yeri tutub. Sabahkı yarışa ikinci cərgədən Vallteri Bottas və Serxio Peres, üçüncü cərgədən isə Daniel Rikkardo və Karlos Sayns başlayacaqlar.
Bizi sabah Bakı vaxtı ilə 15:10-da maraqlı yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:32.983 | 5 | 4 | 1:32.835 | 8 | 1:31.304 | 6 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 5 | 1:33.630 | 8 | 9 | 1:33.157 | 7 | 1:31.867 | 6 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:32.656 | 5 | 2 | 1:32.405 | 8 | 1:31.956 | 6 |
4 | 11 | Serxio Peres | Racing Point | 7 | 1:33.704 | 3 | 5 | 1:33.038 | 6 | 1:32.317 | 6 |
5 | 3 | Daniel Rikkardo | Renault | 6 | 1:33.650 | 6 | 1 | 1:32.218 | 3 | 1:32.364 | 6 |
6 | 55 | Karlos Sayns | McLaren | 12 | 1:33.967 | 3 | 3 | 1:32.757 | 6 | 1:32.550 | 6 |
7 | 31 | Esteban Okon | Renault | 4 | 1:33.557 | 6 | 10 | 1:33.196 | 8 | 1:32.624 | 6 |
8 | 4 | Lando Norris | McLaren | 9 | 1:33.804 | 6 | 6 | 1:33.081 | 7 | 1:32.847 | 6 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 8 | 1:33.734 | 7 | 7 | 1:33.139 | 8 | 1:33.000 | 6 |
10 | 23 | Aleksander Elbon | Red Bull | 11 | 1:33.919 | 6 | 8 | 1:33.153 | 7 | 1:33.008 | 6 |
11 | 16 | Şarl Lekler | Ferrari | 14 | 1:34.071 | 3 | 11 | 1:33.239 | 7 | ||
12 | 26 | Daniil Kvyat | AlphaTauri | 3 | 1:33.511 | 8 | 12 | 1:33.249 | 8 | ||
13 | 18 | Ləns Stroll | Racing Point | 10 | 1:33.852 | 6 | 13 | 1:33.364 | 5 | ||
14 | 63 | Corc Rassell | Williams | 13 | 1:34.020 | 8 | 14 | 1:33.583 | 3 | ||
15 | 5 | Sevastyan Fettel | Ferrari | 15 | 1:34.134 | 6 | 15 | 1:33.609 | 5 | ||
16 | 8 | Roman Qrojan | Haas | 16 | 1:34.592 | 7 | |||||
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 17 | 1:34.594 | 6 | |||||
18 | 20 | Kevin Maqnussen | Haas | 18 | 1:34.681 | 8 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:35.066 | 5 | |||||
20 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 20 | 1:35.267 | 5 |