Rusiya-2019: Şənbə, paddok, 28.09.2019

Dünən Soçidə sərbəst yürüşlərin iki sessiyası başa çatıb. Məşqlərdəki nəticələrə görə fikir bildirmək düzgün olmasa da, top komandaların hər birindən qələbə gözləməli olduğumuzu deyə bilərik. F-1.az olaraq Soçi Avtodromundayıq və vaxtaşırı belə yazılarla qarşızında olacağıq.

Son yarışların ən yaxşı çıxış edən sürücüsü Leklerdir desək, yanılmarıq. Spada Ferrari-yə mövsümdə ilk qələbəsini qazandıran monakolu sürücü bir həftə sonra komandasının Montsadakı 9 illik qələbə həsrətinə də son qoymuşdu. Sinqapurda da poulu qazanan və yarışda yaxşı çıxış edən, lakin pit-stopa Fetteldən sonra çağırılaraq liderliyi əldən verən Lekler bundan narazı olduğunu açıqca bildirmişdi.

Lekler bu gün səhər məşqlərində protokollara başçılıq etsə də, nahardan sonra Ferstappendən sonra ikinci ən yaxşı nəticəni göstərib. Mercedes sürücülərinin hər iki sessiyada xeyli geridə qalması Leklerin ardıcıl dördüncü poulunu əldə etməyə real şansının olduğunu deməyə əsas verir.

Çox pis günlər keçirən Fettel komandasının Sinqapurda ona bir növ hədiyyə etdiyi qələbədən sonra özünə gəlməlidir. İlk iki məşq sessiyasında Leklerə kifayət qədər uduzub, poul uğrunda mübarizədə də komanda yoldaşını üstələyəcəyinə yəqin ki, az adam inanar. Yenə də dördqat dünya çempionunu hesabdan silmək olmaz.

Artıq bolid qələbə qazanmağa tam imkan verir və Fettel çətin günlərinin geridə qaldığını göstərmək üçün qələbə qazanmağa məcburdur. Bunun üçün də bugünki mübarizədən üzüağ çıxmalıdır – Soçi trası ötmələri çox da sevmir…

Formula1-dən əl çəkə bilməyən adam…

Formula1-in sahibi artıq Liberty Media olsa da, artıq bu idmanda bir elə işi olmasa da, biz Bernini paddoklarda tez-tez görürük. Deyəsən məzuniyyət ona yaxşı təsir edib, getdikcə cavanlaşır.

Formula1 bu gün gəldiyi yerə görə ona çox şey borcludur. Bu idmanı bu qədər elit səviyyəyə qaldıran da məhz odur. Nə vaxtsa yenidən Formula1 ilə yolu kəsişərmi, bilmirik. Çox güman ki, qayıtsa, verəcəyi ilk qərar köhnə loqotipi geri qaytarmaq olar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*