Rusiya-2019: Cümə, paddok, 27.09.2019

Bu mövsüm mübarizənin pik nöqtəsindəyik desək, şişirtmiş olmarıq. Buna səbəb də mövsümün ilk hissəsinə hegemonluq edən Mercedes-in ikinci hissə başlayandan bəri Ferrari-yə məğlubiyyətidir.

F-1.az olaraq Soçidəyik və sizlərlə vaxtaşırı paddokdan görüntülər və məlumatlar paylaşacağıq.

Yuxarıda da qeyd etdiyimiz kimi, Ferrari-nin son 3 yarışdakı nəticələri çempionatı canlandırıb. Bu da paddokda artıq cümə günü səhərdən hiss olunur.

Mercedes illərdir davam edən üstünlüyünü bu il elə ilk yarışdan hiss etdirməyi bacarıb. Hətta builki kimi heç vaxt start vermədiklərini də deyə bilərik – mövsümün ilk 5 yarışında ilk iki sıranı zəbt etməyi tarix boyu heç bir komanda bacarmayıb. Sonradan Bottasın performansında alışmış olduğumuz eniş olsa da, Həmilton fasiləyə qədər 8 qələbə ilə həm nə qədər güclü, həm də titula nə qədər iddialı olduğunu göstərdi.

Fasilədən sonra uzun düzlükləri olan SPA və Montsada Ferrari-yə uduzacaqları onsuz da gözlənilirdi. Lakin Sinqapurdakı məğlubiyyəti bir çoxları proqnozlaşdırmamışdı. Ferrari mövsümün əvvəlindən ondan gözləniləni yalnız fasilədən sonra edə bilir. Bu da intriqanı artırır. Mercedes Mühəndislər Kubokunda, Həmilton isə sürücülər çempionatında titulu demək olar ki, həll edb. Lakin son 3 yarışdakı qüvvələr nisbəti sabit qalsa, mövsümün sonuna doğru başqa mənzərənin şahidi ola bilərik…

Ferrari-də əhvallar son dəfə nə zaman bu qədər yüksək olub – xatırlamıram. Komanda illərdir ki, azarkeşlərini məyus etmək işində ustalaşıb. Lakin Spadakı qələbə, ardınca isə ev yarışı olan Montsada 9 illik fasilədən sonra gələn qələbə komanda daxilində və azarkeşlər arasında ab-havanı tamamilə dəyişdirib. Montsada qələbə italyanlar üçün çempionluq qədər dəyərlidir. Sinqapurda Mercedes-ə, hətta Red Bull-a uduzacaqları gözlənilsə də, Ferrari sürücüləri podiumun ilk 2 pilləsini tutdular. Təbii ki, komanda üçün daha vacib olan Fettelin qələbə qazanması idi. Bir ildən çox qələbəyə həsrət qalan və son iki yarışda gənc komanda yoldaşı qalib gələn dördqat dünya çempionunun əhvalı o qədər korlanmışdı ki, ardıcıl ondan gözlənməyən səhvlərə imza atırdı.

Soçi Avtodromu daha çox Mercedes-ə uyğun gələn, “əldə partlamış” Bottasın da ən yaxşı çıxış etdiyi trasdır. Ferrari burda da almanları üstələsə, artıq bundan sonrakı yarışlara baxarlən heç darıxmayacağımızı deyə bilərik. Amma həftəsonuna Soçidə yağış ehtimalı yüksəkdir və bu italyanların kefinə soğan doğraya bilər…

Avstriyada və Almaniyada Ferstappenlə gələn qələbə, Silverstounda Maksın Fettellə toqquşana qədərki nəticələri Red Bull-un mövsümün ikinci hissəsində mübarizəyə qoşulacağını gözləməyə əsas verirdi. Lakin ardıcıl güc qurğusundakı dəyişiklərə görə gələn cəzalar sürücüləri qələbə uğrunda mübarizədən uzaqlaşdırdı. Spa və Montsada da Red Bull-dan qələbə gözləmək sadəlövhlük olardı.

Red Bull 2016-cı ildə olduğu kimi, bu il də mövsümün ortasında sürücü dəyişikliyinə getdi – nəticələri ilə komanda rəhbərliyini dilor edən Qasli ilə gənc Elbonun yeri dəyişdirildi. Elbon Belçika və İtaliyada yarışın sonlarına doğru çıxışı ilə dəyişikliyin əbəs yerə olmadığını göstərə bildi.

Red Bull-un Soçidə qanadlanacağına çox az adam ümid edir. Lakin bu komandanın ilin əvvəlində rəqiblərinə daha yaxın olarsa, mövsüm ərzində nələr edə biləcəyi hamımıza məlumdur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*