Rusiya-2017: Yarış

Həftənin əvvəli Soçidə yağış yağsa da, çərşənbə axşamından etibarən havanın düzəlməsi isti Bəhreyndən sonra həm tamaşaçılar, həm də sürücülər üçün həftəsonunun rahat keçməsinə səbəb olub.

Reqlamentdəki dəyişikliklərə baxmayaraq, yenə də təkərlər həlledici faktor olaraq qalır. Soçi Avtodromunda isə sürücülər asfaltla ilişmənin az olmasına və təkərlərin çətin isinməsinə görə əziyyət çəkirlər. Burada ilk yarışın keçirildiyi 2014-cü ildən bəri bu hal dəyişməyib. Sıralanma turunda sürətli dövrədən əvvəl bir neçə ardıcıl dövrələr vurmaq lazım gəlib.

F-1.az xatırladır ki, Ferrari həftəsonu ərzində üstünlüyə malik idi – hər üç məşq sessiyasındakı birincilikdən sonra əsas uğur sıralanma turunda gəlmişdi – komanda 2008-ci ildə keçirilən Fransa Qran Prisindən bəri ilk dəfə yarışa ön cərgədən başlamaq haqqı qazanmışdı. Sebastyan Fettel dünən karyerasının 47-ci poulunu əldə etmişdi. Kimi Rəykkönen isə ona cüzi fərqlə uduzaraq ikinci olmuşdu. Ferrari sürücülərin arxasındakı iki yeri isə Mercedes AMG sürücüləri tutmuşdular.

Start düzümünü sıralanma turunun protokolundan cəmi iki amil fərqləndirib – startda Karlos Sayns Ləns Strolla Bəhreyndəki insidentə görə 3, beşinci güc qurğusuna keçən Stoffel Vandorn isə 15 yer itirib. Yarışın başlamasına 2 saatdan az vaxt qalmış, Ferstappenin maşınında maye sızması aşkar edilib, lakin starta qədər problem aradan qaldırılıb.

Pirelli Soçiyə yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Soft təkərlərdən ancaq sərbəst yürüş sessiyalarının əvvəlində, tras çirkli olarkən istifadə edilib. Verlyayn, Eriksson və Vandorn yarışa SuperSoft, yerdə qalan digər sürücülər isə UltraSoft təkərlərlə başlayıblar. Qızdırma dövrəsinin sonunda Alonso maşınını güc qurğusundakı problemlərə görə pit yolunun girişində saxlayıb və kokpiti tərk edib. Sürücülər daha bir isinmə dövrəsinə yollanmalı olublar.

Əla start alan Bottas əvvəlcə Rəykköneni, sonra isə Fetteli qabaqlayıb və ilk döngəyə lider kimi girib. Start bu dəfə də insidentsiz ötüşməyib – Palmer və Qrojanın maşınları toqquşub, hər iki sürücü mübarizəni dayandırıb. Stroll dördüncü döngədə yerində fırlanıb, lakin yarışı davam etdirib. Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Vandorn, Eriksson və Verlyayn dərhal pit-stopa yollanaraq UltraSoft təkərlərə keçiblər. TM-in arxasında ilk onluq belə olub: Bottas – Fettel – Rəykkönen – Həmilton – Ferstappen – Massa – Rikkardo – Peres – Okon – Hülkenberq.

Dördüncü dövrədə TM trası tərk edib və restart verilib. Bottas liderliyini qoruyub və Fetteldən tədricən uzaqlaşmağa başlayıb. Rikkardonun maşınının arxa əyləcləri tüstülənib və avstraliyalı boksa gəlib. Mexaniklər hətta yanğınsöndürəndən istifadə etməli olublar. Komanda Ferstappenə əyləclərə nəzarət etməyi tapşırıb.

Maqnussen və Vandorn ikinci döngədə trasın hüdudlarını pozduqları üçün 5 saniyə cərimələniblər. Həmilton üçüncü yerdəki Rəykkönenə bir qədər yaxınlaşsa da, finlandiyalı fərqi yenidən artırıb. Mercedes AMG bu dəfə yarış tempində problemlə qarşılaşmayıb – Bottas 20-ci dövrədən sonra Fetteli 6, Rəyyköneni isə 11 saniyə qabaqlayıb. 20-ci dövrədən sonra ilk onluq belə olub: Bottas – Fettel – Rəykkönen – Həmilton – Ferstappen – Massa – Peres – Okon – Hülkenberq – Maqnussen.

Yarışın 21-ci dövrəsində Verlyayn, Massa, Maqnussen və Kvyat təkərləri dəyişiblər. Dörd dövrə sonra Sayns və Vandorn, 27-ci dövrədə isə Okon və Stroll pit yoluna üz tutublar. Fettel tempi artırıb və Bottasla arasındakı fərqi 2.5 saniyəyə qədər endirib. Bottas 28-ci dövrədə pit-stop edib, onu 30-cü dövrədə Rəykkönen və Ferstappen, 31-ci dövrədə isə Həmilton izləyiblər. Komanda Fetteli bir qədər də trasda saxlamaq qərarına gəlib. Alman sürücü yalnız 35-ci dövrədə pit-stopa çağrılıb. Ön sol təkərin gec bağlanması vaxt itkisinə səbəb olub və Fettel trasa ikinci yerdə qayıdıb.

38-ci dövrədə Bottas səhvə yol verib. Fettel dərhal hücuma cəhd edib, lakin Valtteri vəziyyəti düzəldib və fərqi 2 saniyəyə çatdırıb. Massa təkərin deşilməsinə görə yenidən pitə yollanıb və braziliyalı sürücü 3 yer itirib. 43-cü dövrədən sonra ilk onluq belə olub: Bottas – Fettel – Rəykkönen – Həmilton – Ferstappen – Peres – Okon – Hülkenberq – Massa – Sayns.

Son dövrələrdə Bottasa yaxınlaşan Fettel fərqi bir saniyədən aşağı salıb. Lakin dövrəvi sürücü olan Massaya görə DRS-dən istifadə edən Valtteri fərqin bağlanmasına imkan verməyib. Felipe isə liderlərə yol vermək üçün çox da tələsməyib.

Valtteri Bottas Rusiya Qran Prisində qalib gəlib. Bu, Valtterinin karyerasında ilk qələbəsidir. Çempionatın lideri Fettel ikinci, onun komanda yoldaşı Rəykkönen isə üçüncü yeri tutaraq podiuma yüksələn digər iki sürücü olublar.

Mercedes AMG Mühəndislər Kubokunda liderliyi özünə qaytarıb. Force İndia-nın hər iki sürücüsü ardıcıl dördüncü yarışı da xalla başa vurublar. Stroll isə ilk dəfə finişə çata bilib.

Formula1 iki həftədən sonra mövsümdə ilk dəfə olaraq Avropaya gələcək. Komandalar İspaniyadakı yarışa bir çox yeniliklər gətirəcəklər ki, bu da qüvvələr nisbətini dəyişə bilər. Zaman çox tez keçəcək!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 77 Valtteri Bottas Mercedes AMG 1:28:08.743 1
2 5 Sebastyan Fettel Ferrari + 0:00.617 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:11.000 1
4 44 Lyuis Həmilton Mercedes AMG + 0:36.320 1
5 33 Maks Ferstappen Red Bull + 1:00.416 1
6 11 Serxio Peres Force İndia + 1:26.788 1
7 31 Esteban Okon Force İndia + 1:35.004 1
8 27 Niko Hülkenberq Renault + 1:36.188 1
9 19 Felipe Massa Williams +1 dövrə 2
10 55 Karlos Sayns Toro Rosso +1 dövrə 1
11 18 Ləns Stroll Williams +1 dövrə 1
12 26 Daniil Kvyat Toro Rosso +1 dövrə 1
13 20 Kevin Maqnusssen Haas +1 dövrə 1
14 2 Stoffel Vandorn McLaren +1 dövrə 2
15 9 Markus Eriksson Sauber +1 dövrə 2
16 94 Paskal Verlyayn Sauber +2 dövrə 2

 

Sürətli dövrə: Kimi Rəykkönen (Ferrari) – 1:36.844 (49-cu dövrə, 217.388 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Daniel Rikkardo Red Bull 6 əyləc
Roman Qrojan Haas 1 qəza
Colion Palmer Renault 1 qəza
Fernando Alonso McLaren 0 ERS/start almayıb

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 86
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 73
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 63
4 7 Kimi Rəykkönen Scuderia Ferrari 49
5 33 Maks Ferstappen Red Bull Racing 35
6 3 Daniel Rikkardo Red Bull Racing 22
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 22
8 19 Felipe Massa Williams Martini Racing 18
9 55 Karlos Sayns Scuderia Toro Rosso 11
10 31 Esteban Okon Sahara Force İndia F1 Team 9
11 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 6
12 8 Roman Qrojan Haas F1 Team 4
13 20 Kevin Maqnussen Haas F1 Team 4
14 26 Daniil Kvyat Scuderia Toro Rosso 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 136
2 Scuderia Ferrari Ferrari 135
3 Red Bull Racing TAG Heuer 57
4 Sahara Force İndia F1 Team Mercedes 31
5 Williams Martini Racing Mercedes 18
6 Scuderia Toro Rosso Renault 13
7 Haas F1 Team Ferrari 8
8 Renault Sport Formula 1 Team Renault 6
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*