SIRALANMA TURU
Sebastyan Fettel karyerasında 47-ci, 2015-ci ildə keçirilən Sinqapur Qran Prisindən sonra isə ilk poulunu qazanıb. Alman sürücü poul sayına görə Mixael Şumaxer, Ayrton Senna və Lyuis Həmiltondan sonra dördüncüdür.
Yer | Sürücü | Poul sayı |
1 | Mixael Şumaxer | 68 |
2 | Ayrton Senna | 65 |
3 | Lyuis Həmilton | 63 |
4 | Sebastyan Fettel | 47 |
5 | Cim Klark, Alen Prost | 33 |
Ferrari 51-ci dəfə yarışa ilk cərgədən başlayıb. “Qırmızılar” buna sonuncu dəfə 2008-ci ildə Kimi Rəykkönen və Felipe Massa ilə nail olmuşdular.
Valtteri Bottas Rusiyadakı uğurlu seriyasını davam etdirib – Soçi Avtodromunda sıralanma turunda heç vaxt ilk üçlükdən aşağı yer tutmayıb.
Daniel Rikkardonun sıralanma turunda əldə etdiyi beşincilik Red Bull komandası üçün Soçidə indiyə qədərki ən yaxşı göstəricidir.
YARIŞ
Valtteri Bottas çıxdığı 81-ci yarışda ilk qələbəsini qazanıb. O, Formula1-də qələbə qazanan 107-ci sürücüdür. Eyni zamanda Keke Rosberq, Mika Həkkinən, Kimi Rəykkönen və Heykki Kovalaynendən sonra qalib gələn beşinci finlandiyalıdır.
Finlandiya Formula1-də qələbəsə sayına görə beşinci ölkədir. Lider isə Böyük Britaniyadır…
Yer | Ölkə | Qələbə sayı |
1 | Böyük Britaniya | 258 |
2 | Almaniya | 170 |
3 | Braziliya | 101 |
4 | Fransa | 79 |
5 | Finlandiya | 47 |
Formula1 tarixində dördüncü dəfə podiumda iki finlandiyalı sürücü olub. Bundan əvvəl belə hadisə 2007-ci ildə Yaponiyada, 2008-ci ildə isə Malayziya və Macarıstanda baş vermişdi, hər üç halda Rəykkönen və Kovalaynen podiuma yüksəlmişdilər.
Mercedes AMG Soçidə keçirilən dördüncü yarışda da qalib gəlib.
Keçən il baş tutan İspaniya Qran Prisindən sonra ilk dəfə iki Ferrari sürücüsü podiumda olub.
Kimi Rəykkönen karyerasında 85-ci dəfə podiuma yüksəlib və keçənilki Avstriya Qran Prisindən bəri davam edən 15 yarışlıq podiumsuz seriyaya son qoyub.
Kimi Rəykkönen 45-ci dəfə sürətli dövrəyə imza atıb və bu göstəriciyə görə yalnız Mixael Şumaxerdən (77) geri qalır.
Dördüncülük Lyuis Həmilton üçün Soçidəki ən pis nəticə olub. Britaniyalı burada baş tutan ilk iki yarışda qalib gəlmiş, keçən il isə ikinci olmuşdu. Son yarışda Lyuisin podiumla nəticələnən ardıcıl 8 yarışlıq seriyası da qırılıb.
Beşinci yer – Maks Ferstappen üçün Soçidəki ən yaxşı nəticədir
Yarışda 6-cı olan Serxio Peres ardıcıl 14 yarışdır ki, xal qazanır. Meksikalı sürücü Soçidəki bütün yarışlarda bunu bacarıb. Force İndia isə bu mövsüm baş tutan dördüncü yarışda da hər iki sürücü ilə xal qazana bilib.
Niko Hülkenberq Rusiyada ilk dəfə xal qazanıb və uğursuz seriyaya son qoyub.
Ləns Stroll ilk dəfə yarışda finiş görə bilib.