Malayziya Qran Prisinin sıralanma turundan sonra stüardlar Roman Qrojanı otaqlarına çağırıblar – Lotus komandasının sürücüsü pit-leyndə növbə gözləmək qaydasını pozubmuş. Bundan başqa stüardlar 107%-lik həddi aşa bilməyən Manor komandasının sürücülərini də müzakirə ediblər.
Qrojan sessiyanın başlanmasını bildirən yaşıl işıq yanan zaman pit-leyndə ardıcıllığı gözləmədən kənar yolla trasa tələsib. Onun bu hərəkəti qanun pozuntusu olduğu üçün və bununla da üstünlük qazanaraq sonuncu sessiyaya keçdiyi üçün, stüardlar fransalı sürücünü sabah yarışın startında 2 yer itirməklə cərimə ediblər.
Manor komandasının sürücülərinin sərbəst yürüşlərdə göstərdikləri nəticələri nəzərə alan stüardlar Roberti Merhinin və Uill Stivensin yarışda iştirak etmələrinə icazə veriblər.