Rossinin komandasının sürücüsü qış testlərinin ilk günündə ən sürətli olub

Motosikletçilər Sepanqda mövsümöncəsi testlərə başlayıblar - ilk gün əfsanəvi Rossinin komandasının italiyalı sürücüsü Marko Bezzekki protokollara başçılıq edib.

F-1.az xəbər verir ki, MotoGP çempionatının iştirakçıları tam heyətlə 2022-ci ilin noyabrından bəri ilk dəfə bir araya gəliblər – üçgünlük test sessiyası ənənəvi olaraq Malayziyanın Sepanq trasında başlayıb.

Hələlik yalnız Ducati-nin üstünlüyü barədə danışmaq olar – yekun protokollarda bu markanın yeddi nümayəndəsi ilk onluğa daxil olub. Ən sürətli isə törəmə VR46 komandasının italiyalı sürücüsü Marko Bezzekki olub.

Keçən mövsümün debütantı bu gün vurduğu 55 dövrədən 54-cüdə rəqiblərini üstələyən 1:58.470 zaman nəticəsi göstərib. Testlərin son saatı, ümumiyyətlə, ən sürətli olub – bir çoxları bu zaman ən yaxşı nəticələrini göstərə biliblər.

Günün çox hissəsini Ducati-nin digər törəmə komandası Pramac-dan Xorxe Martin liderlik edib – yekunda isə ispaniyalı sürücü 1:58.737 zaman nəticəsi ilə dördüncü olub.

Bu arada qeyd edək ki, Pramac elə zavod komandası kimi mövsümü yeni bayklarla keçirəcək, digər iki törəmə komandanın sürücüləri isə (VR46 və Gresini) keçənilki texnika ilə işləyəcəklər.

Ducati-nin zavod komandasının debütantı Enea Bastyanini Xorxeni cəmi 0.005 saniyə qabaqlayaraq ilk üçlüyü tamamlayıb. Hamını isə Aprilia-dan Maverik Vinyalesin ikinci nəticəsi təəccübləndirib. Günün gedişində ən böyük məsafəni də Maverik və Xorxe qət ediblər – hərəyə 67 dövrə.

Hazırkı dünya çempionu Françesko Banyaya Aprilia-nın digər təmsilçisi Aleş Esparqaronu qabaqlayaraq beşinci yerdə qalıb.

Yamaha-nın ən yaxşı nəticəsi onuncu yer olub – keçənilki motosikletlə işləyən Franko Morbidelli 2023-cü ilin texnikası ilə işləyən komanda yoldaşı Fabio Quartararodan 0.3 saniyə sürətli olub.

Honda-nın lideri Mark Markes isə Fabioya daha 0.002 saniyə uduzaraq 12-ci olub. Cək Miller isə KTM üçün 16-cı sırada ən yaxşı nəticəyə imza atıb.

Malayziyada testlər şənbə günü və bazar günü davam edəcək. Daha sonra mart ayında sürücülər Portuqaliyanın Arqarve trasına ikigünlük testlərə toplaşacaqlar. Martın sonunda isə elə Alqarvedə MotoGP mövsümü start alacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*