F-1.az xatırladır ki, bu gün baş tutan sıralanma turunda Niko Rosberq 1-ci sessiyada pit-leynin çıxışından təhlükəsizlik maşınının xəttinə qədər olan hissədə maksimum verilən vaxtı aşdığı üçün, Kevin Maqnussen isə Daniil Kvyatın şikayətinə görə araşdırılırdı. Kvyat Maqnussenin sürətli dövrə zamanı ona mane olduğunu düşünərək şikayət etmişdi.
Rosberq maksimum verilən vaxtı çıxış dövrəsində yox, təkərləri soyutma dövrəsində aşdığı üçün cəza verilməyib.
Daniil Kvyatın şikayətinə baxılması üçün hər 2 sürücü hakimlər tərəfindən çağrılıb. Müzakirələrdən sonra hər iki sürücünün sürətli dövrəsində olduğu nəzərə alınaraq Maqnussenə heç bir cəza verilməyib. Açıqlamada bildirilir: “Hər iki sürücü sürətli dövrəsində idi. Kvyat daha sürətli olsa da, 15-ci döngədə Maqnussendən arxada idi. Asfaltla ilişmənin zəif olmasına görə Maqnussen o döngədə ləngidi, lakin orada Kvyata yol vermək şansı yox idi. Maqnussen döngənin çıxışında yol verməyə çalışdı, amma Kvyat artıq sürətini azaltmışdı. Hakimlər bu nəticəyə gəldi ki, bu şərtlər altında Maqnussen Kvyata mane olmayıb”.
Qeyd edək ki, Rosberq sıralanma turunu 2-ci, Maqnussen isə Kvyatdan bir pillə geridə – 16-cı yerdə tamamlayıb.