F-1.az xəbər verir ki, qaydalara görə, çempionatın iştirakçıları keçən ilin yekun cədvəlinə əsasən iki qrupa bölünüblər və hər qrupdan 6 ən sürətli sürücü növbəti mərhələdə mübarizəni davam etdirib. Bu raundda da sürətli olan 6 sürücü superpoul uğrunda mübarizə aparıb.
Maraqlıdır ki, son altılığa peletonda olan seriyanın 6 çempionundan heç biri düşə bilməyib.
Gərgin mübarizədə isə Andretti AutoSport komandasının sürücüləri ilk cərgəni tam zəbt ediblər. Karyerasında ikinci pouluna F1-dən yaxşı tanıdığımız Roman Qrojan sevinib. Fransalı sürücü 2021-ci il İndianapolisin tras versiyasında ilk poulunu qazanmışdı. Bu dəfə Roman komanda yoldaşı Kolton Hertanı 0.4155 saniyə qabaqlayıb.
İkinci cərgədə McLaren komandasında Pato O Vard və Chip Ganassi komandasından daha bir keçmiş F1 sürücüsü Markus Eriksson qərarlaşıblar.
Superpoula çıxan digər iki sürücü – Kayl Krikvud və Skott MakLaflin qəzaya uğradığı üçün nəticə göstərə bilməyib.
İndyCar mövsümünün Sent Petersburqda açılış yarışı bazar günü Bakı vaxtı ilə saat 21:20-də başlayacaq…