Rinsin qələbəsindən sonra Banyaya liderliyə yüksəlib

Avstraliyanın gözəl Fillip Aylənd motodromunda MotoGP mövsümünün 18-ci mərhələsi - Avstraliya Qran Prisi başa çatıb.

F-1.az xəbər verir ki, pouldan start alan Pramac-dan Xorxe Martin yarışın yarısınadək liderliyini qorusa da, təkərləri öldüyü üçün bir dövrədə 4 rəqibini irəli buraxmalı olub.

Ümumiyyətlə, yarış sıx mübarizə ilə yadda qalıb – finişdə ilk 8 sürücü cəmi 0.8 saniyəyə yerləşib.

Yarışın əvvəlində mövsümün lideri Fabio Kuartararo səhvə yol verib – Yamaha-nın fransalı sürücüsü əyləc səhvindən peletonun sonuna düşüb. Daha sonra isə sürücünün növbəti səhvi çınqıllıqda mübarizəni dayandırması ilə başa çatıb.

Yerli azarkeşlərin qəhrəmanı Cək Miller də yıxılıb – sürücünün adını daşıyan U şəkilli döngədə ona arxadan Aleks Markes çırpılıb: hər iki sürücü üçün mübarizə başa çatıb.

Martindən sonra həm yarışda, həm də çempionatda irəli çıxan Françesko Banyaya yarışın son dövrəsinədək liderliyini qoruyub – Ducati sürücüsünün arxasında isə ikincilik uğrunda sıx və gərgin mübarizə gedib. Yekunda bu mübarizədən qalib çıxan Suzuki-dən Aleks Rins son dörədə Banyaya da hücum edib və finiş xəttini öndə keçib. Rins mövsümdə qələbə qazanan 7-ci sürücü olub.

İkinci yer uğrunda mübarizədə isə Honda-dan Mark Markes də Banyayanı arxada qoya bilib, 6 qat dünya çempionu premyer klasda 100-cü podiumuna yüksəlib – podiumun son pilləsinə qalxan Banyaya mövsümün sonuna iki yarış qalmış Kuartararo üzərində 14 xallıq üstünlük qazanıb.

Gələn həftə çempionat iştirakçıları Malayziyada bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*