F-1.az xəbər verir ki, Daniel iyul ayında Pirelli-nin təkər testlərində iştirak etməyi planlaşdırdığını və burada 2023-cü ilin maşınını ilk dəfə sınaqdan keçirəcəyini söyləyib.
Daniel Rikkardo: “Simulyatorda işləmişəm, lakin Silverstoun yarışından sonra baş tutacaq Pirelli-nin təkər testlərində iştirak edəcəyim iyul ayına qədər RB19 sürməyəcəyəm. Ola bilər ki, sentyabrda Montsada testlərdə də çıxış edəm. Hər halda, bir neçə aydan sonra 2023-cü ilin maşınını dəyərləndirə biləcəyəm.
Simulyatordakı işimdən artıq tanıdığım sürətli maşının sükanı arxasına keçə biləcəyim üçün şadam. Komandaya xatırlatmağa çalışacağam ki, bir vaxtlar böyük uğur qazanmışam və hələ də sürətli dövrə vura bilirəm.
Bu mövsümkü işimdən razıyam. Bu, növbəti iki-üç il ərzində üçüncü pilot kimi xoşbəxt olacağım anlamına gəlirmi? Yəqin ki, yox, amma düşünürəm ki, bu il düzgün hərəkət etmişəm. İndi gələn il sükan arxasına qayıtmaq istəyirəm, çünki hiss edirəm ki, yarımçıq qoyduğum işim var. Vəziyyətdən xəbərdaram və əsas pilot kimi qayıtmağım üçün nəsə baş verəcəyi təqdirdə hazıram”.