F-1.az xəbər verir ki, Liam Louson Red Bull və AlphaTauri üçün rəsmi ehtiyat pilot elan edilib, lakin o, İmola, Monreal və Mexikoda keçirilən Qran Pri zamanı təqvimi Formula1 təqvimi ilə üst-üstə düşən Super Formula seriyasında paralel olaraq yarışacaq.
Red Bull komandasının rəhbəri Kristian Horner Speedcafe-yə müsahibəsində Rikkardonun hansı Qran Pridə iştirak edəcəyini dəqiqləşdirməsə də, Danielin gəldiyi yarışda ehtiyat sürücü kimi qeydə alınacağını bildirib.
Kristian Horner: “Mövsümün gedişində Daniel tədbirlərimizdə iştirak etmək üçün bir neçə Qran Priyə gələcək və bu mərhələlərdə biz onu ehtiyat pilot elan edəcəyik. Ola bilsin ki, o, Pirelli proqramı çərçivəsində bizim üçün təkər testləri keçirsin. Bundan əlavə, o, bu fəaliyyətləri tərəfdaşlar və sponsorlar üçün keçirdiyimiz kommersiya tədbirlərində iştirakla birləşdirərək simulyator üzərində işləyəcək.
O, üç Amerika mərhələsində xüsusilə məşğul olacaq, çünki indi vaxtının çoxunu ABŞ-də keçirir. Ümumiyyətlə, növbəti mövsüm onu zəngin proqram gözləyir”.