F-1.az xatırladır ki, Eriksson 2014-cü ildə Caterham komandası ilə Formula1-də debüt etmiş və 2015-ci ildə Sauber komandasına transfer olunmuşdu. Sauber-dəki ilk mövsümündə 9 xal yığan isveçli sürücü bu mövsüm hələ də xal qazana bilməyib.
Eriksson düşünür ki, komanda yeni sahibkarların hesabına daha güclü olacaq: “Daha bir il Sauber-də qalmağım əla xəbərdir. Burada iki mövsüm keçirdim və özümü evimdəki kimi hiss edirəm. Mənə güvənən komanda üzvlərinə təşəkkür edirəm. Sauber-də sürücü kimi çox inkişaf etdim. Həmişə enişli-yoxuşlu dövrlərimiz oldu, amma həmişə bir yerdə olub, mümkün olan qədər çox işlədik. Komanda sahibini dəyişdirəndən sonra inkişaf etmişik. Buna görə də yeni qaydalardan əvvəl həyəcanlıyam. Avtoidman mütəxəssislərinin çoxu karyeralarının əvvəllərində Sauber-də çıxış ediblər. Bu, mənim gələcəyim üçün yaxşıdır.
Gələn il üçün əsas hədəfim bu mövsümün ikinci yarısında göstərdiyim performansı bir az da təkmilləşdirmək olacaq. Yeni mövsüm üçün həyəcanlıyam. Ümid edirəm ki, komandamız orta qrupda mübarizə aparar və hər yarış xal alarıq”.
Qeyd edək ki, Sauber ikinci sürücünün adını hələ də açıqlamayıb. Komandada hazırda braziliyalı Nasr çıxış etsə də, sponsor probleminə görə komanda onunla müqavilə bağlamır.