Rəsmən: Rikkardo artıq De Frizi əvəz edəcək

Daniel Rikkardo 2023-cü ilin Macarıstan yarışından etibarən AlphaTauri komandasında Nik de Frizi əvəz edəcək.

F-1.az xatırladır ki, Nik de Friz bu il AlphaTauri komandasında Pyer Qaslini əvəz etsə də, ilk 10 yarışda ümidləri doğrultmamışdı. Niderlandlı sürücü bu yarışların əksəriyyətində həm Yuki Tsunodadan geri qalmış, həm də xal toplaya bilməmişdi.

Buna görə də artıq Red Bull şirkətinin səbir kəsası dolub. Nik de Friz göndərilib və onu Red Bull komandasının test və ehtiyat sürücüsü Daniel Rikkardo əvəz edib.

Əslində Rikkardonun yenidən sükan arxasına keçəcəyi ilə bağlı dedi-qodular var idi. Avstraliyalı sürücünün son yarışlarda zəif təsir bağışlayan Serxio Peresi əvəzləməsi söz-söhbətləri var idi.

Lakin Kristian Horner və Helmut Marko Peresin qalacağını deyəndən sonra Danielin adı AlphaTauri ilə hallanmağa başladı.

Nəhayət ki, bu gün AlphaTauri-dən rəsmi açıqlama gəldi: Rikkardo növbəti Macarıstan yarışından etibarən AlphaTauri-də yarışacaq.

AlphaTauri komandasının rəhbəri Frants Tost: “Danieli komandaya qaytardığımız üçün sevincliyəm. Onun istedadına və bacarığına şübhə etmirəm. Onsuz da çoxumuzu tanıyır və buna görə komandaya tez öyrəşəcək. O, səkkiz yarış qazanıb və komanda onun təcrübəsindən istifadə edəcək.

Nikə isə komandaya verdiyi qatqılara görə təşəkkür edirəm. Ona gələcəkdə uğurlar arzun edirəm”.

Daniel Rikkardo isə Red Bull ailəsi ilə peletona qayıtdığı üçün xoşbəxt olduğunu deyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*