F-1.az xatırladır ki, avstraliyalı sürücünün Alpine ilə müqavilə bağlayacağı gözlənilsə də, gənc pilot McLaren-in yolunu tutmuşdu. Bundan sonra Alpine komandası məhkəməyə müraciət etmişdi. Məhkəmə işə baxdıqdan sonra qərar verib ki, gənc Piastrinin McLaren-lə müqavilə imzalamasında heç bir problem yoxdur.
Bundan sonra “narıncılar” gənc sürücünü heyətlərinə qatdıqlarını rəsmən bəyan ediblər.
Oskar Piastri: “McLaren kimi prestijli komanda ilə Formula1-də debüt edəcəm. Buna görə də çox həyəcanlıyam və mənə verdikləri fürsətə görə təşəkkür edirəm. Bu komanda həmişə gənc istedadlara şans verib və Lando ilə işləmək üçün səbirsizlənirəm. İndi isə 2023-cü il mövsümünə hazırlanmaq vaxtıdır”.
Zek Braun: “Oskar aşağı seriyalardan gələn istedadlı sürücülərdən biridir. Onu burada gördüyümüz üçün sevincliyik. O ardıcıl iki debüt mövsümündə F3 və F2-nin qalibi olub. Bu da onun istedadından xəbər verir.
İki gənc sürücüdən ibarət gözəl heyətimiz var. Bu da hədəflərimizə çatmağımıza kömək edəcək. Onun komanda ilə böyüməsini görmək üçün səbirsizlənirik”.