F-1.az bildirir ki, İtaliya Qran Prisindən cəmi bir həftə sonra – sentyabrın 13-də Mucello trası ilk dəfə Formula1-ə ev sahibliyi edəcək. Toskana Qran Prisi adlanacaq bu yarış Ferrari üçün yubiley 1000-ci yarış olacaq. Qeyd edək ki, Mucello ölkənin Montsa, İmola və Peskaradan sonra, Formula1-i qəbul edəcək dördüncü trası olacaq. Burada indiyə qədər F1 yarışı keçirilməsə də, bolidlərin testləri baş tutub.
Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan Rusiya da bu mövsüm təqvimdə yer almağı bacarıb – Soçidə keçiriləcək yarış ilkin təqvimdə də olduğu kimi, sentyabrın 27-nə planlaşdırılıb. Formula1-dən verilən açıqlamada bildirilib: “Hər iki yarışın promouterlərinə, ölkə rəhbərliklərinə və FİA-ya bu yarışların keçirilməsini mümkün edən bütün əməkdaşlıqlarına görə təşəkkür edirik. Azarkeşlər Soçidə 7-ci, həyəcanverici Mucelloda isə ilk yarışın şahidi olacaqlar”.
Çeyz Keri: “Mucello və Soçinin builki təqvimin bir parçası olacaqlarını elan etdiyimiz üçün sevinirik və son həftələrdəki dəstəklərinə görə bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk. Keçən həftəsonu Avstriyada möhtəşəm start verdik və mövsümün davamı ilə bağlı planlarımıza daha çox güvənirik.
Rusiya Qran Prisi təqvim üçün vacibdir və sentyabr ayında Soçiyə qayıtmağı səbirsizliklə gözləyirik. Ferrari-nin Formula1-dəki 1000-ci olacaq Mucellodakı yarışa görə də həyəcanlıyıq. Hər iki yarışın elanı azarkeşləri çox sevindirəcək və növbəti həftələrdə təqvimin davamını elan edəcəyik”.
Yarışlara azarkeşlərin buraxılıb-buraxılmayacağı barədə hələ ki, bir açıqlama verilməsə də, böyük ehtimalla boş tribunalar qarşısında baş tutacaq…
Sıra | Tarix | Ölkə |
1 | 3-5 iyul | Avstriya |
2 | 10-12 iyul | Avstriya |
3 | 17-19 iyul | Macarıstan |
4 | 31 iyul – 2 avqust | Böyük Britaniya |
5 | 7-9 avqust | Böyük Britaniya |
6 | 14-16 avqust | İspaniya |
7 | 28-30 avqust | Belçika |
8 | 4-6 sentyabr | İtaliya |
9 | 11-13 sentyavr | Toskana |
10 | 25-27 sentyabr | Rusiya |